3 şəhərdə üç yeni xəstəxana istifadəyə verilib – Prezident

On altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülüb, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlib, 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündəki çıxışında ölkəmizin səhiyyə sistemində görülən işləri diqqətə çatdırıb.

Dövlətimizin başçısı qeyd edib ki, koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilib. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilib. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilib. Qısa müddət ərzində hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

“Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür”, – İlham Əliyev vurğulayıb.