36 nəfər tutularaq istintaqa cəlb edilib

Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2017-ci ildə korrupsiya və rüşvətxorluq faktları üzrə 146 şəxs barəsində 123 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə müvafiq hərbi məhkəmələrə göndərilib.
Bu barədə respublika hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirib.
O, qeyd edib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin, xüsusən də bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb.
Bildirilib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə də qeydə alınmış böyük ictimai təhlükə törətməyən cinayətlər 8,1 faiz, hərbi xidmətdən yayınma cinayətlərinin sayı 8,8 faiz, qulluğa səhlənkar yanaşma cinayətlərinin sayı 11,8 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərinin sayı 25 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərinin sayı 27,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin sayı 3,4 faiz azalıb. 2016-cı illə müqayisədə hesabat dövründə birləşmələr üzrə qeydə alınmış cinayətlərin sayı Dövlət Sərhəd Xidmətinin hərbi hissələri üzrə 21 faiz, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri üzrə isə 7,7 faiz azalıb. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrinin, eləcə də ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla belə, ötən il Silahlı Qüvvələrdə bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.
Qeyd olunub ki, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə olunub. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanıb təsdiq edilərək icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Müşavirədə xüsusi bildirilib ki, hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətinə xələl gətirə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israf etmə, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.
Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, onların əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın 86,8 faizi istintaq zamanı ödətdirilib.
Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 36 nəfər tutularaq istintaqa cəlb edilib.