38 günlük fasilədən sonra yeraltı dünyadan FOTO

38 günlük fasilədən sonra Bakı metrosu yenidən sərnişinlərə xidmət göstərməyə başladı.

XALQ.AZ xəbər verir ki, “Bakı Metropoliteni” koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində martın 31-dən etibarən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara uyğun olaraq, bu gün səhər saat 06:00-dan etibarən metro öz fəaliyyətini bərpa edib.

Metroda sərnişinlərin sayı hələlik kifayət qədər azdır. Bütün metro stansiyalarının çıxışında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vətəndaşların karantin rejiminin qaydalarına riayət etmələrinə ciddi nəzarət olunur. Sərnişinlərin metroya maskasız daxil olması qəti qadağandır. Stansiyalarda maska taxmayan şəxslər cərimə olunacaqlar. Buna metropolitendə fəaliyyət göstərən polis əməkdaşları tərəfindən ciddi nəzarət edilir.

Stansiya girişində bütün sərnişinlərin hərarəti yoxlanılır və qızdırması olan vətəndaşların stansiyaya girişinə icazə verilmir. Vaqonlarda oturacaqların üzərinə xüsusi nişanlar vurulub. Sərnişinlərin sosial məsafəni qorumaları üçün bir oturacaqdan bir əyləşmələri xahiş olunur. Platformada da sərnişinlər üçün maarifləndirici xarakterli nişanlar vurulub.

Sərnişinlər metronun fəaliyyətinin bərpa edilməsindən razı olduqlarını deyiblər. Yerüstü ictimai nəqliyyatda sərnişin daşınmalarına nə qədər diqqət ayrılsa da, metro üçün, necə deyərlər, burnunun ucu göynəyən vətəndaşların sayı daha çoxdur.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazəsi, “icaze.e-gov.az” portalında qeydiyyat, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir.

Əməkdaşımız karantindən sonra metronun fəaliyyətə başladığı ilk günü fotokamerasının yaddaşına köçürüb.

Həmin fotoları təqdim edirik:

XALQ.AZ