40 mlrd. dollarlıq layihəni həyata keçirəcəyik

 

5

“Prezident İlham Əliyev andiçmə mərasimində ölkənin böyük perspektivlərindən danışıb. Dövlət başçısı energetika sahəsində də böyük layihələrin həyata keçiriləcəyini açıqlayıb. Əsas prioritetlərdən biri isə Azərbaycan qazının Avropa və region ölkələrinə çatdırılmasıdır”. 

 

Xalq.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

O, əlavə edib ki, qarşıdakı 5 ildə Azərbaycan “Şahdəniz-2” layihəsi, Cənub boru kəməri, TANAP və TAP layihələrini reallaşdırmağı hədəfə alıb.

“TAP 40 mlrd. dollar dəyərində olan dünya əhəmiyyətli layihədir. Qarşıdakı 5 ildə bu layihələri həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq. Biz bunu həyata keçirəcəyimizə ümid edirik”, – deyə R. Abdullayev bildirib.

Rövnəq Abdullayev “Bulla-Dəniz” yatağında baş verən qəza ilə bağlı görülən son işlərdən də danışıb.

“Bulla-Dəniz” yatağında baş verən qəzanın qarşısının alınması artıq son mərhələdədir. Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə ABŞ şirkəti əsas işləri görüb. Artıq quyunun üzəri üçün nəzərdə tutulmuş 40 tonluq kranların gətirilməsinin son işləri icra olunur.  Quyuda boru xətlərinin, lülələrin yığılması işləri yekunlaşdırılıb. Artıq son mərhələ olaraq 40 tonluq kranların quyunun üzərinə qoyulması mərhələsinə başlayacağıq. Bu işlərə sabah start verəcəyik. Bu, böyük və ağır iş idi”, – deyə R. Abdullayev əlavə edib.