5 avqust Hərbi Donanma Günüdür

Avqustun 5-i ölkəmizdə Hərbi-Dəniz Donanması Günüdür.

XALQ.AZ xəbər verir ki, 1918-ci ildə yaradılan Azərbaycan Hərbi-Dəniz Donanmasının tərkibində “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi var idi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış, 1920-ci ilin yayında isə Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdir.

1992-ci ildə keçmiş SSRİ Hərbi-Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsi Azərbaycana verilmiş və o vaxtdan Azərbaycan milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlanmışdır.

Bu sahədə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu Öndərin müdrik rəhbərliyi sayəsində ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlər görülmüş, müvafiq tədbirlər həyata keçirilmişdir.

İndi Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi (AAHDM) həyata keçirir. Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədi ilə AAHDM-in nəzdində xüsusi kurslar fəaliyyət göstərir.

Azərbaycanın hərbi donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın hərbi dəniz donanması hazırda ən müasir hərbi texnika ilə təchiz edilmişdir.

Bu gün Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmləndirilir.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən Hərbi-Dəniz Qüvvələrinin daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, gündən-günə qüdrətlənən Azərbaycan Ordusu və onun Hərbi-Dəniz Qüvvələri ölkəmizə qarşı yönələn hər hansı bir həmləni dəf etməyə qadirdir.

 

Orxan