6 vəzifəli şəxs rüşvət alarkən həbs edilib

 

Ötən il korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb. Həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə 32 cinayət işi başlanıb. Keçən il dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı KİV və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.

Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən ilin ölkəmizdə digər istiqamətlərdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə sahəsində də mühüm nailiyyətlərin əldə olunduğunu bildirib.

Ötən il korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışan K.Əliyev bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən, bütün mərkəzi icra orqanlarında korrupsiyaya qarşı mübarizə üzrə müvafiq qurumlar yaradılması nəzərdə tutulur.