9 May qələbəsinin azərbaycanlı qəhrəmanları – VİDEO

modern.az 9may 782

1945-ci ilin bu günü alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi (1941-1945) faşizm üzərində qələbə ilə başa çatdırıb.

XALQ.AZ xəbər verir ki, bu tarixi qələbənin qazanılmasında Sovet İttifaqının, o cümlədən onun tərkibindəki 15 müttəfiq respublikadan biri olan Azərbaycanın önəmli rolu var.

1941-1945-ci illər ərzində cəbhəyə 600 mindən çox azərbaycanlı yollanıb. Onların 300 minə qədəri döyüş meydanında həlak olub.

130 nəfər göstərdiyi şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib.

Böyük Vətən müharibəsi illərində qəhrəmanlıqları ilə adını tarixə yazdıran həmin şəxslər.

İsrafil Məmmədov – İlk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı. 32-ci motoatıcı alayın tağım komandrinin müavini, baş çavuş. Alman faşistləri ilə qeyri-bərabər döyüşdə 20 əsgər yoldaşı ilə dairəvi müdafiə quraraq 300-dən artıq düşməni məhv edib. 1946-cı ildə, döyüşlərdə aldığı yaralardan müalicə olunarkən 27 yaşında vəfat edib.

Gəray Əsədov – Sovet İttifaqı Qəhrəmanı, 281-ci qvardiya alayının atıcısı, qvadriya çavuşu. Döyüş yoldaşlarını xilas etmək üçün 21 yaşlı Gəray bədəni ilə pulemyotun qarşısını kəsərək qəhrəmancasına həlak olur.

Həzi Aslanov – 2 dəfə Sovet İttifaqı Qəhrəmanı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə, Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaətinə görə isə ilk dəfə 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 24 yanvar 1945-ci ildə Mitava şəhəri yaxınlığında həlak olub. Ölümündən 46 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Məlik Məhərrəmov – 218-ci qvardiya atıcı alayının 5-ci atıcı bölüyünün komandiri, qvardiya leytenantı. Dnepr çayı ətrafında gedən döyüşlərdə göstərdiyi rəşadətə görə özünə və 17 nəfər döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1973-cü ildə polkovnik rütbəsində sovet ordusundan tərxis olunub, 2004-cü ildə 83 yaşında vəfat edib.

Ziya Bünyadov – 123-cü cərimə bölüyünün komandiri, kapitan. O, eyni zamanda Şərqşünas alim, akademik idi. 1945-ci il fevralın 27-də strateji körpünün qorunmasında göstərdiyi xidmətlərə görə Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1997-ci il fevralın 21-də, 74 yaşında yaşadığı mənzilin qarşısında qətlə yetirilib.

Mehdi Hüseynzadə – leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı. Müharibədə əsir düşsə də, düşərgədən qaçaraq Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir.

 Müseyib Allahverdiyev – Sovet İttifaqı Qəhrəmanı, 119-cu qvardiya atıcı alayının batalyon komandiri, qvardiya kapitanı. Onun başçılıq etdiyi batalyon mühasirəyə düşən alman qoşunlarına köməyə gələn 120 tankdan ibarət hərbi karvanın qarşısını alıb. 1969-cu ildə, 60 yaşında vəfat edib.

XALQ.AZ