Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dövlət başçısının sosial sahə ilə bağlı verdiyi tapşırıqlar məsuliyyətlə icra olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Prezidentin göstəriş və tövsiyələrinə uyğun işlərin sürəti artmaqla yanaşı, həmçinin, əhatə dairəsi də genişlənir. Pandemiya ilə əlaqədar təkcə ƏƏSMN tərəfindən həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Dövlət başçısının tapşırığı ilə pandemiya ilə əlaqədar ölkəmizdə daha geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik – 190 manat ödəmə ilə təminatı proqramı icra olunur. Eyni zamanda, Prezidentin göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın şamil edildiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb. Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib ki, bunun üçün də onlara ümumilikdə 76 milyon manat vəsait köçürülüb. Təbii ki, edilən müraciətlərə baxıldıqca, nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.
Qeyd etməliyik ki, işsiz və xüsusi rejimə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı edilən müraciətlərin qəbulu artıq yekunlaşıb. Daxil olmuş müraciətlərə baxılır və ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu müəyyən edilən şəxslər diqqətdə saxlanır.
Özünüməşğulluq proqramı çərçivəsində sosial dəstək
İşsiz kimi qeydə alınan və pandemiya ilə bağlı işini itirən şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur. İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır. Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Əhalinin həssas qruplarına dəstək tədbirləri daha da gücləndirilib. Özünüməşğulluq proqramının genişləndirilməsi və proqrama cəlb olunanlara aktivlərin verilməsi prosesi davam edir. Artıq banklar tərəfindən də aktivlər təqdim edilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır. Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür.
82 min 300 aztəminatlı ailənin hər biri 223 manat alır
Aztəminatlı ailələrə dövlət dəstəyinin artırılması sahəsində aparılan işlərdən biri kimi, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi də genişləndirilir. Ünvanlı dövlət sosial yardımı proqramının şərtləri də yumşaldılır ki, bu da yardım alanların sayının artmasına imkan verib. Təkcə aprel ayında əlavə olaraq 12 mindən artıq ünvanlı yardım təyin olunub və bu yardımı alanların sayı, 82 min 300 olub. Ünvanlı yardım alan ailə üzvlərinin sayı bu ay 50 min nəfərdən çox artıb və hazırda 342 min nəfərdir. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 223 manata yüksəlib.
Onu da bildirək ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də dəstək göstərilib. Onlara bu yardımın verilməsi müddəti karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.
Sosial dəstək tədbirləri BƏT-nın saytında
Azərbaycanda pandemiya dövründə iqtisadiyyata, sahibkarlığa, məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən geniş miqyaslı dəstək tədbirləri Beynəlxalq Əmək Təşkilatının (BƏT) saytında dərc olunub.
Saytda pandemiyanın qarşısının alınması və onun iqtisadiyyata, məşğulluğa sosial rifaha mənfi təsirlərinin azaldılması üçün dünya ölkələrində aparılan siyasət və görülən işlərlə bağlı hər bir ölkə üzrə ayrıca bölmə üzrə məlumatlar yer alıb. Azərbaycanla bağlı altbölmədə də ölkəmizdə milli iqtisadiyyatın stimullaşdırılması, sahibkarların dəstəklənməsi, iş yerlərinin, məşğulluğun və işçilərin əməkhaqqı gəlirlərinin qorunması, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların birdəfəlik ödəmə ilə təmin edilməsi istiqamətində görülən tədbirlər qeyd edilir.
Həmçinin, ölkəmizdə ödənişli ictimai işlər, özünüməşğulluq, ünvanlı dövlət sosial yardımı, işsizlikdən sığorta ödənişləri və digər sosial proqramların əhatə dairəsinin genişləndirilməsi və s. istiqamətlərdə atılan addımlar təqdim edilir.
Çernobıl əlilləri sosial təminat sistemi ilə əhatə olunublar
Azərbaycanda digər əlilliyi olan şəxslər kimi, 1986-cı ilin 26 aprelində Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların sosial müdafiəsi istiqamətində də mühüm işlər aparılır.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, həmin vətəndaşların sosial müdafiəsi işlərinin əsasları formalaşıb. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ötən dövrdə digər əlilliyi olan şəxslər kimi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlil olanların sosial təminatı da ildən-ilə gücləndirilib.
Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən ediliblər. Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə aylıq müavinət (1-ci dərəcə əlilliyə görə 150 manat, 2-ci dərəcə əlilliyə görə 130 manat, 3-cü dərəcə əlilliyə görə 110 manat) və ya əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə isə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Prezidentinin aylıq təqaüdü (1-ci dərəcə əlilliyə görə 250 manat, 2-ci dərəcə əlilliyə görə 230 manat, 3-cü dərəcə əlilliyə görə 210 manat) də verilir. Ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlardan I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü (100 manat) və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) ödənilir. Bundan əlavə, əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir, mənzil və minik avtomobilləri ilə təminatı da həyata keçirilir, tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.
Yeni fərman əlillik təyinatında şəffaflığın artırılmasına xidmət edir
Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli fərmanı hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsində təkmilləşmə və şəffaflığın artırılmasına, hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsinə xidmət edir. Sənədə əsasən, ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2021-ci il yanvarın 1-dək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılacaq. Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının həmin altsistemə çıxışı təmin olunacaq.
Altsistem yaradıldıqdan sonra 6 ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatlar xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil ediləcək. Beləliklə, nazirliyin tibbi-sosial ekspertiza xidməti hərbi səbəblərlə əlaqədar əlilliyi qiymətləndirilən şəxslə bağlı bütün tibbi, xəstəlik məlumatlarına altsistem vasitəsilə birbaşa çıxış əldə edəcək. Nəticədə müharibə səbəbi ilə əlilliyin qiymətləndiriməsi daha obyektiv aparılacaq və şəffaflıq təmin olunacaq. Bu, eyni zamanda, hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin müxtəlif imtiyazlardan faydalanmaq hüquqlarına baxılmasında da zəruri məlumatlara əlçatanlığı artıracaq. Yeni altsistem bu sahədə analitik təhlillərin aparılması və proqramların hazırlanmasında istifadə oluna biləcək müfəssəl məlumat mənbəyi rolunu oynayacaq.
Ödənişli ictimai işlərə cəlb edilənlərin sayı 56 mini keçib
Dövlət başçısının tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün işlər davam etdirilir. ƏƏSMN-nin DOST İş Mərkəzi vasitəsi ilə son 10 gündə əlavə 18 mindən çox şəxs əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Beləliklə, həmin işlərdə çalışanların sayı artıq 56 mini ötüb. Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də, abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələri əhatə edir.
Prezidentin sərəncamı 7600 nəfərə şamil olunacaq
Azərbaycan Prezidenti İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 24 aprel 2020-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürüdür.
Sərəncamda İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi tapşırılır. Sənədə əsasən, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncam, ümumilikdə, 7600 nəfərə şamil olunacaq. Onlardan 264-ü İkinci Dünya müharibəsi iştirakçısı, qalanı sənəddə nəzərdə tutulan digər şəxslərdir. Birdəfəlik maddi yardımların ödənilməsi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon 900 min manat ayrılıb. Qeyd edək ki, hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği də mütəmadi artırılır. Ötən ilki illə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb.
Əlilliyi olan şəxslər üçün kiçik bizneslər qurulur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanıb.
İlk mərhələ kimi Şəmkir rayonunda əlilliyi olan şəxslərə arıçılıq üzrə kiçik bizneslərini qurmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) verilib. Yaxın günlərdə Şamaxıda, Zaqatalada və Sumqayıtda da bu proses davam edəcək.
Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şərait yaradılması nəzərdə tutulub. Layihənin icrası üçün pilot olaraq 12 şəhər və rayon müəyyən edilib. Həmin bölgələr üzrə işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılıb.
E-sosial.az portalı ilk “beşlik”də…
Alexa.com saytının (ABŞ, San-Fransisko) yeni məlumatına görə, “Azərbaycanın top saytları” siyahısında e-sosial.az portalı artıq 5-ci yerdədir. Portal ölkəmizdə ən çox müraciət olunan google.com, youtube. com, google.az və wikipedia. org saytlarından sonra baxış sayına görə 5-ci yeri tutur. Portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə faydalanmaq imkanı verir.
Sosial yardım aksiyaları geniş vüsət alıb
Sosial tədbirlərdən danışarkən onu da demək lazımdır ki, mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yararlanırlar. Təkcə aprel ayı ərzində ƏƏSMN və sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib. Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub. Bundan başqa ayrı-ayrı iş adamları və imkanlı şəxslər də aztəminatlı ailələrə dəstək olur, sosial yardım aksiyalarında könüllü iştirak edirlər.