Lənkəranda müşavirə

 

99

Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi.
Müşavirədə İcra başçısının müavinləri, şöbə müdirləri, aparatın digər üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Əvvəl Lənkəran ŞİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Məlahət Nəsirovanın “2014-cü ilin I rübündə Lənkəran Şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərin baxılması vəziyyəti barədə” məlumatı dinlənildi.
İcra rəsmisi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin imzası ilə rayonlara göndərilmiş “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən aparılan yoxlama əsasında hazırlanmış arayış”ın qısa xülasəsi ilə müşavirə iştirakçılarını tanış etdi, ilin birinci rübündə Lənkəran ŞİH-ə daxil olan ərizə və müraciətlərin baxılması vəziyyəti barədə məlumat verdi.
Sonra Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov ötən həftə ərzində Lənkəran ərazisində aparılan abadlıq-təmizlik işlərinin davam etdirilməsini, hasarların suvaqlanması, ağacların ağardılması və digər səliqə-sahman işlərinin vaxtında görülməsinin vacibliyini, Bakı-Astara magistral yolunda plakatların yenilənməsinin başa çatdırıldığını söylədi, havaların istiləşməsi ilə əlaqədar yeni əkilmiş ağacların suvarılmasına, ərazilərdən zibillərin və alaq otlarının təmizlənməsinə ciddi nəzarət etməyin zəruriliyini diqqətə çatdırdı.
İ.Dadaşov daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi işinin Lənkəranda da mütəşəkkil yerinə yetirildiyini bildirdi.
İcra rəsmisi eyni zamanda Lənkəranda yeni yaradılmış ayrı-ayrı idman federasiyalarına təyin edilmiş rəhbərlərin siyahısını oxudu, bu federasiyaların rayonumuzda idmanın kütləviliyinin artırılmasına, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edəcəyini vurğuladı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında gənclərin nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsinin respublikamızda ilk təşəbbüsçüsü olduqlarını və bunu ənənəyə çevirməyin vacibliyini bildirdi. İcra başçısı yeni ailə quran gənclərin Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyduqdan sonra nikah mərasiminin Heydər Əliyev Mərkəzində təntənəli şəkildə qeyd edilməsinin onların həyatında ən əlamətdar və unudulmaz xatirəyə çevriləcəyinin əhəmiyyətindən danışdı. Nikah mərasimindən sonra bəylə gəlinin Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və şərəfli ömür yolunu əks etdirən eksponatlarla tanış olması onların həyatında mühüm rol oynayacaq.
Taleh Qaraşov sonda müşavirəni yekunlaşdıraraq həftə ərzində görüləcək işləri bir daha müvafiq təşkilatların diqqətinə çatdırdı, bununla əlaqədar konkret tapşırıqlarını verdi.