Abel Məhərrəmov Moskvada elmi forumda çıxış edəcək

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Abel Məhərrəmova YUNESKO-nun qeyri-dövlət tərəfdaşlarının Moskvada keçiriləcək X Beynəlxalq elmi forumunda iştirak və çıxış etmək üçün dəvət məktubu göndərib.

XALQ.AZ xəbər verir ki, BDU-dan  verilən məlumata görə, akademik Aleksandr Sergeyev “Elm və bəşəriyyətin davamlı inkişafı” mövzusunda keçiriləcək forumda görkəmli azərbaycanlı alimin iştirakının forumun yüksək səviyyəsinə və əhəmiyyətinə faydalı olacağına, bəşəriyyətin davamlı inkişafı naminə həlledici qərarların qəbul edilməsinə kömək edəcəyinə əminliyini ifadə edib.

Rusiya Elmlər Akademiyasının və “Rusiya Sülh Fondu”nun YUNESKO-nun dəstəyi ilə təşkil etdiyi forum noyabrın 26-27-də baş tutacaq. Foruma YUNESKO-ya üzv dövlətlərin 100-ə yaxın nümayəndəsinin və Rusiyanın 15 bölgəsindən 350-dən artıq iştirakçının qatılacağı gözlənilir.

Forum çərçivəsində Bakı Dövlət Universiteti ilə Rusiya Elmlər Akademiyası və qurumun müvafiq institutları arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək, birgə tədqiqat işləri, elmi işçilərin mübadiləsi, konfrans, simpozium keçirilməsi istiqamətində danışıqlar aparılacaq.

 

 

Orxan