Abel Məhərrəmov təhsil xərclərinin artırılmasını istədi

 

44

Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin artırılması təklif olunub. SİA-nın məlumatına görə, Azərbaycanın 2014-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu təşəbbüslə çıxış edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 1800 nəfərdən artıq elmlər namizədi, 1200-dən artıq elmlər doktoru var: “Amma nədənsə, elmə vəsait ayrılanda, ilk öncə Azərbaycan Milli Elmlər Akademiyası yada düşür. Bu gün Azərbaycanda alimlərdən gözləntilər və tələbat olduqca yüksəkdir. Onlardan elmi nailiyyətlər istəyirlər. Ancaq heç kəs düşünmür ki, alimə 300 manat əmək haqqı veririk. Biz ona 1300 manat maaş verməli, yüksək standartlara cavab verən laboratoriyalar yaratmalı, bundan sonra isə ondan iş tələb etməliyik”.

A.Məhərrəmov ölkədəki universitetlərin yataqxana probleminə də toxunub: “Bu gün dünyada 150 mindən artıq universitet fəaliyyət göstərir. Onlardan yalnız 20 mini reytinqə daxil edilir. BDU dünyanın 678-ci universitetidir. Bizim ilk 500 universitetin siyahısına daxil olmamağımızın səbəbi də yataqxana problemi ilə bağlıdır. Yataqxana problemi həll olunsa, biz dünyanın ən hörmətli 500 universitetinin siyahısına daxil ola bilərik”.