ABŞ Müvəqqəti İşlər Vəkili Astara rayonuna səfər edib

2

 

ABŞ-nın Müvəqqəti İşlər Vəkili cənab Derek Hoqan Astara rayonunda səfərdə olub. Xalq.az xəbər verir ki, İcra başçısı Qəzənfər Ağayevlə görüşüb.

Səfər zamanı cənab Derek Hoqanı iqtisadi müşavir cənab Rocer Rigaud və digər qonaqlar müşayiət ediblər.

İşgüzar və səmimi şəkildə keçən görüş zamanı icra başçısı rayonun sosial-iqtisadi inkişafı, aqrar məsələlər, əhalinin məşğuliyyəti və rayonda fəaliyyət göstərən sənaye və emal müəssisələri haqqında geniş məlumat verib. Görüşdə Astaranın sərhəddə yerləşdiyinə görə mühüm strateji əhəmiyyət daşıması, bununla əlaqədar ölkə rəhbərliyi tərəfindən rayona daim diqqət və qayğının göstərilməsi, abadlıq və quruculuq işlərinin ilbəil genişləndirilməsi diqqətə çatdırılıb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun fəaliyyətinin daha da yaxşılaşdırılması, xüsusən son aylarda bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsi xüsusi vurğulanıb.

Azərbaycan Respublikası və ABŞ arasında dostluq əlaqələrinin bundan sonra da davam etdirilməsində belə görüşlərin mühüm əhəmiyyət daşıdığı qeyd olunub, Azərbaycanın Astara rayonu ilə Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının sərhədində yerləşən San-Diyeqo şəhərinin qardaşlaşması təklifi irəli sürülüb.

ABŞ Müvəqqəti İşlər Vəkili cənab Derek Hoqan rayon İcra hakimiyyəti başçısı tərəfindən səmimi və işgüzar qəbula görə dərin təşəkkür və minnətdarlığını bildirib, Azərbaycanın çox gözəl və səfalı guşəsi olan Astaraya bundan sonra tez-tez səfər edəcəyini əlavə edib.