“ABŞ ölkəmizlə gələcək əməkdaşlıqda maraqlı olduğunu bildirib”

Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlaması iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha göstərdi. Məktubla yaxından tanış olduqda, bir daha əmin oluruq ki, ABŞ Azərbaycanla həmişə səmimi dost və tərəfdaş olub.

ABŞ dövlətinin başçısı məktubunda Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə və xalqına Amerika xalqı adından səmimi salamlarını və təbriklərini çatdırır. Bununla yanaşı, bəyan edir ki, onun təmsil etdiyi dövlət Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Donald Trampın sözlərinə görə, ABŞ və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 ildir ki, əməkdaşlıq edirlər.

Məktubda daha sonra deyilir: “Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdi­yimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bü­tün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”. Bu, o deməkdir ki, bəzi ağzıgöyçəklərin, Azərbaycanı sevməyənlərin dediklərinin əksinə olaraq ABŞ Azərbaycanla əməkdaşlığından tam razıdır, ölkəmizin bir sıra sahələrdə, xüsusən, Avropanın enerji təhlükəsizliyi və enerjidaşıyıcılarının şaxələndirilməsi kimi qlobal əhəmiyyətli məsələlərdə verdiyi töhfələr dünyada layiqincə qiymətləndirilir. Azərbaycan bir sıra beynəlxalq təbdirlərə evsahibliyi etməklə beynəlxalq təhlükəsizliyə həmişə töhfələr verib. Eyni zamanda, məktubdan görünür ki, ABŞ ölkəmizlə gələcək əməkdaşlıqda maraqlı olduğunu Azərbaycan Prezidentinin diqqətinə çatdırır.

Hesab edirəm ki, bütün bunlardan əlavə, məktubda xüsusi nəzər yetirilməli olan bir vacib məsələ də var. ABŞ Prezidenti Ameri­ka və Azərbaycan xalqlarını “iki böyük xalq” adlandırır. Bu da təsadüfi deyil. Bu fikirlər göstərir ki, Tramp Azərbaycanı böyük türk xalqının bir hissəsi, dünya sivilizasiyasına böyük tarixi və mədəni töhfələr vermiş bir xalq kimi tanıyır və dəyərləndirir. Məncə, məktubun bu hissəsi bizim üçün daha böyük əhəmiyyət daşıyır. Əks halda, 10 milyonluq əhalisi olan Azərbaycanın superdövlətin Prezidenti tərəfindən ABŞ kimi “böyük xalq” adlandırılmasını necə başa düşmək olar?! Zənnimizcə, ABŞ Prezidentinin bu sözləri bu gün bizi heçə saymağa, torpaqlarımızı işğal edib köksüz millətlərə yeni vətən yaratmağa çalışanlar üçün də tərs sillədir.

Maraqlıdır ki, məhz bu firiklərdən sonra Donald Tramp Dağlıq Qarabağ probleminin üzərinə gəlir və bildirir ki, “biz, Minsk qrupu­nun həmsədrlərindən biri kimi, Dağlıq Qa­rabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.

Beləliklə, ABŞ Prezidentinin məktubu onun Azərbaycana, onun lideri İlham Əliyevin milli maraqlara söykənən fəaliyyətinə, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən islahatlara, eləcə də ölkədə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı görülən işlərə çox yüksək qiymət verdiyini göstərir.