Adil Əliyev: “ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir”

adill

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə göndərdiyi təbrik məktub iki ölkə arasındakı əməkdaşlığın mövcüd durumundan xəbər verir. Məktubdakı cümlələrin əhəmiyyətli olduğunu düşünürəm.

Birincisi, Ağ Ev sahibi məktubunda yazır ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir.

İkincisi, Ağ Ev sahibi Birləşmiş Ştatların və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdiyini xatırladıb. Amerika prezidenti Azərbaycanın bu fəaliyyətdə mühüm töhfələr verdiyini yüksək dəyərləndirib.

Üçüncüsü, məktubda vurğulanır ki, koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır.

Məktubda yazılan “iki böyük xalq” ifadəsi Amerika prezidentinin Azərbaycan xalqına verdiyi yüksək qiymətdən xəbər verir. ABŞ Azərbaycana strateji tərəfdaş olan ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev Amerikanın Azərbaycanın enerji layihələrinə verdiyi dəstəyi hər zaman yüksək qiymətləndirib. 1990-cı illərin ortalarında Türkiyə ilə birgə ABŞ-ın Bakı-Tbilisi-Ceyhan neft boru xəttinə verdiyi dəstək Azərbaycanın müstəqllik illlərində ilk böyük enerji layihəsinin həyata vəsiqə qazanmasını sürətləndirdi. Halbuki, bu layihə ilə bağlı dövlətimizə qarşı açıq və gizli təhdidlər mövcud idi. Ümumilli liderimiz Heydər Əliyev bu təhdidləri məharətlə aşaraq həm “əsrin müqaviləsini”, həm də Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisiylə bağlı sazişi imzaladı. Prezident İlham Əliyev isə ümumilli liderin siyasətini davam etdirərək Bakı-Tbilisi-Ceyhan boru xəttinin fəalyyətə başlamasını, o cümlədən “əsrin müqaviləsinin” növbəti 25 il üçün də uzadılmasını təmin etdi. Rəsmi Vaşinqton İlham Əliyevin Azərbaycan dövlətinin gücləndirilməsinə xidmət edən bu siyasətini dəstəkləyir. Çünki, bu siyasət Amerikanın da maraqlarına cavab verir. Digər tərəfdən Azərbaycanın Amerika ilə formalaşdırdığı əməkdaşlıq əsla üçüncü ölkələrə qarşı yönəlməyib.

ABŞ prezidentinin məktubunda da vurğulandığı kimi iki ölkə arasında strateji əlaqələr bir neçə sahəni əhatə edir. Bu sırada enerji, təhlükəsizlik və iqtisadi əlaqələrin özünəməxsus yeri var. Doğrudur, ABŞ Konqresinin və Dövlət Departamentinin Azərbaycanın maraqları əleyhinə zaman-zaman qəbul etdiyi sənədləri ciddi tənqid edirik. Ancaq Amerikada əsas söz sahibi olan prezidentin Azərbaycanla əməkdaşlığıa verdiyi dəyər bizim üçün daha vacibdir.

Cənubi Qafqazın hər baxımdan əsas ölkəsi Azərbaycandır. Bunu Vaşinqtonda da anlayırlar. Təsadüfi deyil ki, Amerikanın müasir xarici və təhlükəsizlik siyasətinin başlıca ideoloqları Avrasiya bölgəsində dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla strateji əlaqələrin Amerikanın milli təhlükəsizlik siyasətinin maraqlarına cavab verdiyini vurğulayırlar. Amerikada dəyişən prezidentlər siyasətlərini məhz bu ideologiya əsasında qururlar. Bəzən olur ki, Amerikanın hansısa tanınmış siyasətçisi prezident olmamışdan əvvəl erməni lobbisinə hansısa vəd verir. Ancaq həmin siyasətçi prezident seçildikdən sonra ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış edir. Həmin maraqlar isə Azərbaycanla strateji tərəfdaşlığı diqtə edir.

Adil ƏLİYEV, Milli Məclis Sədrinin müavini