Afrikalı baş məşqçi yetirməsinin “Qarabağ”a keçməsini istəmir

“Qarabağ”ın transfer hədəfində olan CAR-ın “Mamelodi Sandauns” klubunun ulduz oyunçusu Xama Biliatın durumu hələ də qeyri-müəyyən olaraq qalır.

XALQ.AZ  xəbər verir ki, “transfer pəncərəsi” bu gün bağlansa da, onun “Qarabağ”a və ya CAR-ın digər iki klubundan birinə keçəcəyi hələ də dəqiq bilinmir.

“Mamelodi Sandauns”un yarımmüdafiəçisi Persi Tau da Biliat kimi Avropadan təklif alıb. Ona Rusiyanın “Rostov” və Danimarkanın “Midtüland” klublarından təkliflər var.

Lakin “braziliyalılar”ın baş məşqçisi Pitso Mosimane yetirmələrinin Avropada daha güclü komandalara keçməsinin tərəfdarı olduğunu bildirib:

“Başa düşməlisiniz ki, Avropada bütün komandalar “Sandauns”dan daha yaxşı pul ödəmir. Dediyim kimi, Persinin Avropanın “Top-5” komandalarından birinə keçməsini, bizi orada yaxşı təmsil etməsini istəyirəm. Məsələn, CAR-dan UEFA Çempionlar Liqasında oynayan komandaya. Dino Ndlovu qrup mərhələlərində (“Qarabağ”la oynamasını nəzərdə tutur – S.T.), Stiven Pinaar “Ayaks”da və “Borusia”da, Beni Makarti “Portu”da oynayıb, Danimarka və ya İsveç kimi ölkələrdə yox. İsveçdəki bəzi komandaları məğlub edə biləcəyimdən əminəm”.