Ağcabədi məmurlarından görünməmiş qanunsuzluq

4

Ağcabədidə bələdiyyə sədri, icra strukturları vətəndaşı intihar həddinə çatdırıblar

 

Əfşan Məmmədova: «Üzləşdiyim bu haqsızlığa görə canıma qəsd edəcəm»
Ötən saylarımızda xəbər verdiyimiz kimi, Ağcabədidə qanunsuz torpaq satışını həyata keçirməklə on minlərlə manat pul qazanan bələdiyyə sədri Alı İsmayılov, A.Şirinov və Abbas Süleymanov Əfşan Məmmədovanın vərəsə olduğunu bilə-bilə saxtakarlığa əl atıblar. Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov Ağcabədi rayonunun mərkəzində Heydər Əliyev prospekti 48 ünvanında vətəndaşa məxsus 11 sot torpağın 6 sotunu qeyri-qanuni şəkildə, Əfşan Məmmədovanın razılığı olmadan satıb:

«Alı İsmayılovun 6 sotu sənədləşdirərək əvəzinə 6,2 sotu satması onun başqa bir qanunsuzluğunun nəticəsidir. Torpaq sahəsi bizim ola-ola, bələdiyyə sədri Alı İsmayılov razılığımız olmadan atamdan miras qalan ərazini başqasına satıb. Biz ərizə yazmaq üçün idarəyə gələndə orda bir Ağcabədi sakini də bələdiyyə sədrindən şikayətlənirdi. Həmin qız bildirdi ki, Alı İsmayılov bizim də torpağımızı əlimizdən alır. Başqa birisi dedi ki, ay bacı, Alı İsmayılov Ağcabədi rayon sakinlərinə qan uddurur. Sakinlərin çoxu bələdiyyə sədrinin əməllərindən şikayətçidirlər. Mənim heç bir imzam, razılığım olmadan həyata keçirilən həmin alqı-satqı prosesi tamamilə qanunsuzdur. Çünki həmin torpağın sənədləri mənim əlimdədir. Ağcabədi Rayon Məhkəməsinin sədri Xanlar müəllim bilir ki, Arif Məmmədovun – atamın torpağı mənimsənilib. Xanlar müəllim mənə məxsus torpağın sənədini özü şəxsən görüb. Bu qanunsuzluğun araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də məktub göndərmişəm».

Bələdiyyə sədrinin növbəti özbaşınalıqlarından birinin şahidi olan rayon sakini, hazırda paytaxtda yaşayan Əfşan Məmmədova bildirir ki, bələdiyyə sədri Alı İsmayılov ona atasından miras qalmış torpağı «sənədləşdirərək» satıb: «Ağcabədi bələdiyyəsinin sədri rayon icra hakimiyyətinin binasının yanında yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin sədri Abbas Süleymanovla birlikdə bu addımı atıb.

Abbas Süleymanov da bu sənədə qol çəkib. Onun da həmin işdə iştirakı var. Habelə Ağcabədi Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri E.Piriyev də bu işə qol qoyub. Onlar məni intihar vəziyyətinə gətiriblər. Özüm tənha, köməksiz qadınam, xəstəyəm, yetim övlad böyüdürəm. Lakin üzləşdiyim bu haqsızlığa görə canıma qəsd edəcək dərəcədə bezmişəm. Heç bir yerdə işləmirəm. Çünki əmək qabiliyyətim aşağıdır. Bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirmişəm. Özüm də maddi sıxıntılar içindəyəm. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin sədri Abbas Süleymanov, Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov, Ağcabədi Notariat Kontorunun müdiri Abdin Şirinov, Ağcabədi Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri E.Piriyev məni intihar həddinə çatdırıblar. Mən hələ 4 il bundan əvvəl – 2010-cu ildə Ağcabədi Notariat Kontorunun müdiri Abdin Şirinova məktub göndərmişdim. Həmin məktubun əsli əlimdədir. Məktubda bildirmişdim ki, mənim icazəm olmadan Ağcabədi rayonunun mərkəzində Heydər Əliyev prospekti 48 ünvanında yerləşən torpaq sahəsi heç kimə satıla bilməz. Həmin məktubu 2010-cu ilin fevralında Abdin Şirinova göndərmişdim. Bundan bir ay sonra – 2010-cu ilin üçüncü ayında özüm şəxsən Ağcabədi rayonunda oldum. Özü də həmin vaxt ağır cərrahiyyə əməliyyatından çıxmışdım».

Heydər Əliyev prospekti 48 ünvanında yerləşən torpaq sahəsinin Ağcabədi məmurları tərəfindən saxta sənədlərlə Heydər Əliyev prospekti 48 a adlandırıldığını deyən Əfşan Məmmədova əlavə etdi ki, bu işdə əsas «qəhrəmanların» Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov və Ağcabədi rayon şöbəsinin sədri Abbas Süleymanov olduqlarını dilə gətirdi: «Habelə Ağcabədi Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri bu qanunsuzluqda əlbir olublar. Hər üç şəxs birlikdə Heydər Əliyev prospekti 48 ünvanında yerləşən torpaq sahəsini saxta sənədlərlə Heydər Əliyev prospekti 48 a kimi sənədləşdiriblər: «Həmin sənədli torpaqdan cəmi 4,8 sot torpaq qalıb əlimizdə. Xahiş edirəm müvafiq komissiya gəlib bu məsələni yerində araşdırsın. Saxta sənədlərlə ələ keçirilən torpaq Namiq İsmayılovun adına sənədləşdirilib. Hətta ikimərtəbəli evi də sənədləşdiriblər. Aidiyyəti orqanlardan bu məsələ ilə bağlı araşdırmaların başlanmasını xahiş edirəm».