Ağcabədidə tədbir keçirilib

XALQ.AZ xəbər verir ki, 18 Sentyabr, 2018-ci il tarixdə 18 Sentyabr – “Milli Musiqi Günü” münasibətilə daha bir tədbir Ağcabədi Şəhər Uşaq Musiqi məktəbində keçirilmişdir. Tədbir iştirakıçıları ilk öncə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin həyətində yerləşən Üzeyir Hacıbəylinin büstünün önünə çiçəklər düzərək bəstəkarın əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbir saat 17-00 – da keçirilmişdir.

Tədbirdə çıxış edən Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev, Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin direktoru Asif Xəlilov və Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Leyla Səfərova Üzeyir bəy sənətinin, musiqisinin ecazından, bu sənətin həmişəyaşarlığından söz açaraq “Milli Musiqi Günü” münasibətilə muğam-musiqisevərləri təbrik etmişlər. Tədbirin musiqili bədii hissəsində Şəhər Uşaq Musiqi məktəbinin musiqili kollektivi Üzeyir bəy yaradıcılığından seçmə əsərlər səsləndirmiş, birləşmiş rəqs kollektivi məzmunlu, baxımlı rəqs nömrələri ilə tədbirə əlavə gözəllik qatmışlar. Maraqlı keçən musiqili bayram tədbiri 2 saat davam etmişdir.

 

 

Orxan