Ağdaban faciəsindən 27 il ötür

Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir.

 

XALQ.AZ xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər.

Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni silahlıları Ağdaban kəndinə soxularaq 130-dan çox evi təmamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər.

Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb. 1993-cü il mart ayının 27-də Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başladılar. Erməni silahlıları yenidən kəndə hücum edərək onu viran qoydular. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törətdilər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə admışdılar. Onlar Ağdabanda yalnız soyqırım törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edildi.

Bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsli davamçısı idi. Bu ocaq mənəviyyatımızın beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz ona görə də onlar Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş, xalqımızın əvəzsiz mənəvi xəzinəsi olan Ağdabanlı şair Qurbanın və onun oğlu klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandıraraq bu nəhəng söz sərraflarının bədii irsini, bütün külliyatını məhv etdilər.

Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırım cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.