Ağdam rayonunda müzakirələr edilib

XALQ.AZ xəbər verir ki, 18 sentyabr 2018-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində qəsəbə Mədəniyyət evində keçirilən müşavirədə rayonda kənd təsərrüfatının inkişafı, torpaqlardan səmərəli istifadə olunması, pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlər müzakirə olunub.

Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin, kənd təsərrüfatı mütəxəssislərinin ümumilikdə 300 nəfərin iştirak etdiyi müşavirədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından, rayonda aqrar sahənin inkişafını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, ölkə prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatına olan qayğısı nəticəsində hər il yeni – yeni müasir texnikaların ölkəyə gətirilməsi, daha effektli və məhsuldar sortların yetisidirilməsi üçün aidiyyəti qurumlara verdiyi tapşırıqlar bu sahəyə olan diqqətin nəticəsidir. Məhz bu diqqət və qayğı nəticəsində hər il kənd təsərrüfatı sahəsində nəzərə çarpacaq qədər inkişaf olubdur.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev rayonda aqrar sahənin vəziyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, rayon iqtisadiyyatında əsas yer tutan kənd təsərrüfatının inkişafı 2018-ci ildə də davam edib. Bir sıra kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınıb. Kəndli fermerlər və torpaq mülkiyyətçiləri cari ildə 44 min 65 ton buğda, 7005 ton arpa, 5923 ton kartof, 68 min 355 ton tərəvəz istehsal ediblər. Hazırda şəkər çuğunduru və tərəvəz istehsalı davam edir.
Diqqətə çatdırılıb ki, respublikamızın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Uzun fasilədən sonra 2016 ildə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2017-ci ildə 13 ton 205 kiloqram, 2018-ci ildə isə 17 ton 079 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 85 min ədəd tut tingi əkilib.
Pambıqçılığın inkişafı ilə bağlı görülən işlərdən danışılarkən bildirilib ki, bu il rayon ərazisində 3100 hektar sahədə çiyid səpilib. Aparılan düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib. Hazırda becərmə işlərini başa çatdıran fermerlər məhsul yığımına hazırlaşırlar. Pambıq yığımına 10 ədəd kombayn, 35 ədəd traktor, 75 ədəd qoşqu, 4 ədəd yükləyici hazırlanıb.
Müşavirədə qeyd olunub ki, rayonun təbii su mənbələri işğal altında qaldığı üçün əkinlərin suvarma suyuna olan tələbatının ödənilməsi subartezian quyuları vasitəsilə həyata keçirilir. Rayonun 35,4 min hektar əkin sahəsi 843 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz vasitəsilə suvarma suyu ilə təmin edilir. Rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə hər il yeni subartezian quyuları qazılır.
Müşavirədə aidiyyəti qurumların rəhbərləri və fermerlər çıxış edərək, aqrar sahənin inkişafı və bəzi problerdən söz açıb, fikir və təkliflərini bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov kənd təsərrüfatının inkişafı, qarşıya çıxan çətinliklərin aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

 

Orxan