Ağdamda “Ekologiya həftəsi” keçirilib

“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsinin sosial komponenti çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində “Ekologiya həftəsi” başlığı altında silsilə tədbirlər təşkil edilib.

XALQ.AZ xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, əhalinin bu sahəyə marağını inkişaf etdirmək, təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq və gənclərin ətraf mühitə dair bilik və təcrübələrini artırmaqdan ibarətdir.

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH tərəfindən həyata keçirilən layihənin tərəfdaşı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir.

Layihənin sosial komponenti çərçivəsində Ağdam Dövlət Sosial-İqtisadi kollecinin tələbələrinə, eyni zamanda Quzanlı məktəblərinin şagirdlərinə Alman Əməkdaşlığı Təşkilatının nümayəndələri Məhbubə Musayeva və İlkin Əliyev tərəfindən “Ətraf mühitin mühafizəsi və dayanıqlılıq” mövzusunda maarifləndirici seminar keçirilib.

Maarifləndirici seminarlardan əlavə Quzanlı məktəbinin şagirdləri və kollec tələbələri ilə birlikdə ağacəkmə aksiyası keçirilib. Əkilən ağaclar Ağdamın landşaftına uyğun olan ümumilikdə 300 meyvə ağacları və akasiyalardan ibarət olub. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yeni əkilən ağacları suvarıblar.

Ekologiya həftəsi çərçivəsində keçirilən silsilə tədbirlərdə ümumilikdə 300-ə yaxın məktəbli və gənc iştirak edib.

Orxan