Ağdamda rəhbər olmaq məsuliyyəti

 

25

…Ağdamın işğalının iyirmi birinci ilində-iyulun 23- də ayağı yer tutan digər ağdamlılar kimi mən də Şəhidlər Xiyabanına getdim… Və bu insan selindən çox təsirləndim, işə qayıtdım. Bütün günü fikir məni apardı… Hətta həmin gecə səhərə kimi gözümə yuxu getmədi. Saytda «Bu gün Ağdamı ermənilərə verib gəlməyimizdən 21 il keçir» başlıqlı çox əsəbi və hirsli bir yazı yazdım… Yazdım ki, Qarabağda itirdiklərimiz Bakıda yad edildikcə, o itkilər də getdikcə yadlaşır!

Sonra yazdım ki, «Bu gün həm də Ağdamı ermənilərə verib Bakıya gələrək Ağdamın adına restoran açmağımızdan, Ağdamın adına deputat olmağımızdan, Ağdamın adına vəzifə tutmağımızdan, Ağdamın adına Xalq artisti olmağımızdan, Ağdamsızlığa susmağımızdan, Ağdamın adını erməniləşdirən ermənilərə cavab verməməyimizdən… 21 il keçir. Bu uzun illər bizi Ağdama bircə qarış da yaxınlaşdıra bilmədi, əksinə, bizi bizdən və Ağdamdan düz 21 il uzaq saldı…».

Sonra yazmışdım ki, «…Bu dəqiqələrdə Şəhidlər Xiyabanının yanından keçəndə çoxsaylı ağdamlını bura axışan gördüm. Utandım. 21 ildi Ağdamı və Ağdam uğrunda şəhidləri Ağdamda qoyub gələn bizlər anası ölmüş Ağdamı Bakıda yad etməyə gəlirik… Yadımdadır, təxminən 10-15 il əvvəl buraya gələn insan seli əraziyə sığışmırdı… Onda həm də hirsimiz, torpağa dəli sevgimiz içimizə sığmırdı! İndi bura o insanların heç üçdə biri gəlmir. Niyəsini bu insanların yiyəsi də bilir, Bakıdan İrəvana-qohum-əqrabasına bu günümüzü rişxəndlə xəbər verən ermənilər də… Çünki 21 ildi Ağdamı ağdamlı kimi sevən, ağdamlı olmağın məsuliyyətini və Ağdamda olmağın qürurunu… bilən insanlar ürək partlamasından ölüb gedirlər. Nə bilim, bəlkə də çoxları qeyrətinə sığınıb bu haldan utanaraq, Ağdamsızlığa dözməyib ölüb-gedirlər… Bu sıra getdikcə seyrəlir… Ağdamı Ağdamda yaşamışların ölüb-itib getməsi bizim üçün, külli Azərbaycan üçün Ağdamı-Qarabağı… unutmağın ən pis yoludur. Təbii ki, bizlər üçün. Amma bu yaxınlarda Kəlbəcər dərdini sinəsinə çəkmək üçün Kəlbəcər dağlarına dərd əlindən gedib çıxmış Dilqəmi azad edə bilməyən bizlərin mövcudluğuna, Şəhidlər Xiyabanındakı torpaq və vətən haqqında, Qarabağı tezliklə azad edəcəyimiz günün çox yaxında, qulağımızın dibində, burnumuzun ucunda, ayağımızın altında… olmasından danışan bizlərin səmimiliyinə necə inanım??? Dilqəm Azərbaycana, böyük Füzuli demiş, bəxtəvərlikdən yaylağa-Kəlbəcərə gedib çıxmadığını, məhz dərd əlindən Kəlbəcər dağlarına gedib çıxdığını sübut etdi və millətə qeyrətə gəlib hələ də ermənisiz olan o yurdlara sahib durmağın dərsini keçdi. Amma Millətimiz hələki bu dərsdən «2» alır. Dilqəm hələ də girovdur. İşğal edilmiş torpaqlarımız kimi…».


…Sözümün canı var. Bizi içimizdən didib-parçalayan elə Ağdamı Ağdamda deyil, Bakıda yad etməyimizdir. Amma təsəllimiz budur ki, Ağdamda doğulmayan o 21 ilin yeni nəsli özünü ağdamlı bilir. Mənim üçün çox qürurverici idi ki, hətta deputatlığa namizədliyimlə bağlı Ağdamın bütün kənd və qəsəbələrini gəzib seçicilərimlə görüşərkən belə, «Ay ev yiyəsi» deyib hansısa qapını, darvazanı döyəndə qapını üzümüzə balaca uşaqlar açırdı. Birmənalı olaraq hamısına bir sual verirdim: «Haralısan, balaca?». «Ağdamlıyam…» deyirdilər… Bu həyəcanlı və düşündürücü səhnə sonralar Ağdamla bağlı kövrək, dərd dolu hansısa yazılarımın mövzusu olacaqdı.

Bəli, Ağdamda doğulmayan, Ağdamı görməyən uşaqların içində, gen yaddaşında Ağdam yatır. Hələki bizim üçün əlçatmaz, amma nə vaxtsa əlimiz çatacaq Ağdam!


Neçə il əvvəl, Nizami Sadıqov Ağdama İcra başçısı təyin edilən vaxtlarda, yolum Quzanlıya düşmüşdü. Əziz dostum Fəxrəddin Hacıbəyli məni Quzanlıda tikilmiş bir körpələr evinə apardı. Kiçik yaşlı uşaqlarla görüşdük… Salamlaşandan sonra onlara bir-bir «Haralısan, oğlum?» sualını verirdim. Birmənalı olaraq hamısı «Ağdamlıyam» deyirdi. Hamımızı kövrəldən və həm də dərindən düşündürən bir mənzərə idi. Deməli, Ağdamı yaşadanlar, Ağdamla yaşayanlar var. Bu böyük təsəlli, həm də ümid dolu bir yoldur-üzü Ağdama sarı…


Ağdam həm də dəyərli, təəssübkeş insanları ilə yaşayır… Onlardan biri də Prezident İlham Əliyevin az müddət əvvəl Ağdama rəhbər təyin etdiyi Raqub Məmmədovdur. Bu fikirləri qismən Nizami Sadıqov Ağdamda işlədiyi dövrdə də demişəm, indi təkrar etməyim yəqinki qüsur sayılmaz: uzun illərdən sonra Ağdam ziyalıları Bakıdan Ağdama gəlir, Ağdamdan Bakıya… yox!. Hətta deyim ki, bu günlərdə Ağdamda keçirilən tədbirlərin birində Raqub Məmmədovun hər bir ağdamlını rayonda görmək arzusunu və umacağını eşidəndə daha çox sevindim. Çünki Ağdam onun insanları, xüsusən də ziyalıları, üstün düşünənləri ilə Ağdamdır!

Bunu da mütləq deməliyəm ki, kimsə bu yazını oxuyanda fərqli düşüncəyə sahib olmasın: mənim Ağdamda elə bir məsul vəzifədə olan yaxım qohumum da yoxdur ki, müsbət deyəcəyim nəyisə İcra başçısını təmənnalı tərifləmək kimi anlaşılsın. Amma tərifdən çox uzaq, deyim ki, Raqub Məmmədovun Ağdama rəhbər təyinatı nəinki onun, həm də hər bir ağdamlının məsuliyyətidir. Bu məsuliyyət Ağdamı təkcə ürəkdə sevməkdən yox, həm də ürəkdən-əməllə sevərək sevdirməkdən, bütün ənənələrini qoruyub saxlamaqdan keçir.

Ağdamda yaşayan qohum-yaxınlarımın rəyidir, deyirlər ki, Raqub Məmmədovun Ağdama İcra başçısı təyinatı hamıda bir ümid və qurur mənbəyi kimi qəbul olunub: «…Hamı bilir ki, Raqub Məmmədov bu torpaqda doğulmuş və bu bu yurdun suyunu içib çörəyini yemiş ən dəyərli ziyalılarındandır, uzun illər məsul vəzifədə çalışmış bir insandır… Və hamı bir daha görür ki, o, Ağdamın yox, mövcud problemlərin həllinin rəhbəridir!», -deyir Ağdamın ən sadə, daha doğrusu, RİH başçısından işi keçməyən sıravi vətəndaşı…

Zənnimcə, bu gün Ağdama daha çox bu lazımdır. Lazımdır ki, Ağdamın keçmiş ənənələri yaşadılsın, qorunsun, Ağdamsız doğulan və dili təzəcə söz tutan uşaqları da özünü ağdamlı kimi görsün. Onda Ağdam da o ucalıqda görünəcək.

Bu günlərdə isə Ergi qəsəbəsinə yolum düşmüşdü… Mən bu dəfə həm də onun şahidi oldum ki, insanlar Raqub Məmmədova təkcə Ağdamın İcra başçısı kimi yox, həm də rayon sakinlərinin dostu, qardaşı, arxası, qürur yeri kimi baxır. Ona görə ki, indi şikayətçi, problemi olan rəhbərin yanına gəlmir, rəhbər o problemin və problemlinin yanındadır. Belə olanda insanlar da rəhbərin əhatəsində, onun yanında olasıdır.

Sonda: o fikrə bir də qayıdıram ki, indi hər bir ağdamlı üçün həm də önəmli olan budur ki, zamanında məlum səbəbə və səbəbkarın hərəkətinə görə Ağdamdan küsüb gedən, inciyib gedən… insanlar indi Ağdama qayıdır. Çünki onları Ağdamda qarşılayacaq xoş münasibət və o münasibəti bərqərar edən rəhbər-Raqub Məmmədov var. Və ən maraqlısı, təkrar edirəm, Raqub Məmmədov özünü ağdamlıların rəhbəri yox, onların dostu və dərdini dinləyəni, onu başa düşəni, sevincini böləni… bilir. Çünki dərd bölünəndə azalır, sevinc bölünəndə isə çoxalır. Bölünən, bölündükcə bərəkəti min qat artan halal çörək kimi… Məncə, indi elə ən vacibi də budur!

Asif Mərzili

P.S.Qələmdaşlarıma, xüsusən də bəzi saytların rəhbərlərinə sözüm budur ki, Ağdamda problem axtarmağa nə var! Çünki Ağdam özü boyda bir problemdir-21 ildir işğal altındadır! Oğul odur problemdə Ağdamı axtarsın-o problemdə ki, 21 ildir BMT, ATƏT, AŞ PA belə həlli yolunu tapa bilmir…