Ağdaşda çəltik yığımına başlanılmışdır

10

 

Ağdaşda çəltikçiliklə məşğul olan torpaq mülkiyyətçiləri məhsul yığımına başlamışlar.Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, cari ildə Ağdaşın 15 kəndində 158 çəltikçi ümumilikdə 1150 hektar sahədə məhsul yetişdirmişdir. Hazırda rayonun Yenicə, Şordəhnə, Güvəkənd, Binələr, Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Aşağı Ləki, Məşəd, Nemətabad, Hapıtlı kəndlərində çəltik biçini uğurla həyata keçirilir. Məhsulun vaxtında və itkisiz toplanılması üçün lazımı sayda texnika cəlb edilmişdir. Kəndlilər topladıqları çəltiyi rayonda mövcud olan 8 düyü dəyirmanında emal etdirirlər.
Ən çox çəltik əkini rayonun Yenicə kəndində aparılmışdır. Türyançayın sahilində yerləşən bu kənddə ümumilikdə 150 hektar sahədə çəltik əkini aparan fermerlər bol məhsul əldə edəcəklərinə ümidlidirlər. Bu təsərrüfatlarda çəltikçilər hər hektardan 50-60 sentner məhsul götürürlər. Torpaq mülkiyyətçiləri keyfiyyəti ilə dillər əzbəri olan Ağdaş düyüsünü satmaqda heç bir problemlə qarşılaşmırlar. Çünki alıcılar Ağdaş düyüsünü hələ bazara çıxarılmamış, elə dəyirmandaca alırlar. Rayonda çəltikçiliyin inkişaf etdirilməsinin bir müsbət xüsusiyyəti də vardır. Bu bitki torpaqların şoranlaşmasının qarşısını alır. Ağdaşda çəltik biçini kampaniyasının oktyabrın sonlarınadək başa çatdırılması nəzərdə tutulmuşdur.


Ağdaçın kəndləri qazlaşdırılır

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş rayonunda əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Rayonun qaz istismar sahəsindən AzərTAc-a bildirmişlər ki, hazırda Ağdaşın Qaradağlı, Nehrəxəlil, Məşəd, Əmrarx, Güvəkənd, Yuxarı Ləki kəndlərində qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə keyfiyyətli xidmət göstərilməsi istiqamətində işlər görülür.
Güvəkənd və Əmrarx kəndlərinin qazlaşdırılması üçün ümumilikdə 17 min metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkilmişdir. Əmrarx kəndində 220, Güvəkənd kəndində isə 226 mənzilə sayğacların quraşdırılması işləri başa çatdırılmışdır. Yaxın günlərdə həmin kəndlərə təbii qazın verilməsi nəzərdə tutulur. Bundan əlavə, hazırda payız-qış mövsümünə hazırlıq məqsədilə Ağdaş şəhərinin 20 Yanvar və Ağamalı küçələrində, Yuxarı Ləki, Məşəd, Nehrəxəlil, Qaradağlı kəndlərində qaz xətlərində təmir-bərpa işləri aparılır, köhnə qaz xətləri yenilənir. Həmçinin rayonun daha 8 kəndinə qaz çəkilişi üçün layihə-smeta sənətləri hazırlanmışdır. Yaxın günlərə həmin kəndlərə qaz xətlərinin çəkilişinə başlanılacaqdır.
Xatırladaq ki, sentyabrın 13-də 21 illik fasilədən sonra Ağdaşın Əmir Mahmud və Qarağansaat kəndlərinə qaz verilişi bərpa olunmuş, ümumilikdə 110 mənzildə fərdi tənzimləyici və sayğac quraşdırılmışdır. Bu kəndlərin qazlaşdırılması üçün 3000 metr uzunluğunda daşıyıcı və 6800 metr uzunluğunda paylayıcı qaz xətləri çəkilmişdir. Bu günədək isə Ağdaş şəhərində, Ləki qəsəbəsində və 37 kənddə 13 min 200 mənzil qazlaşdırılmış, rayon əhalisinin 70 faizi təbii qazla təmin olunmuşdur. Gələn ilədək rayonun bütün kəndləri qazlaşdırılacaqdır.