Ağdaşda Konstitusiya Günü qeyd edilmişdir

 

71

Ağdaş rayonunda 12 noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir. Xalq.az  xəbər verir ki, bu əlamətdar gün münasibətilə mərkəzi rayon kitabxanasında “Azərbaycan Respublikasının Ali Qanunu” mövzusunda keçirilən tədbirdə mədəniyyət və təhsil işçiləri, gənclər, şagirdlər iştirak etmişlər. Tədbirdə şagirdlərin ifasında dövlət himni səsləndirilmiş, sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bu əlamətdar gün münasibətilə toplantı iştirakçılarını təbrik edən natiqlər ümumxalq səsverməsi yolu ilə qəbul olunan konstitusiyanın demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişlər.
Tədbirlərdə konstitusiyamızın tarixindən danışan natiqlər dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar haqqında tədbir iştirakçılarına məlumat vermişlər. Bildirilmişdir ki, böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin müdrik siyasəti nəticəsində konstitusiyamız daha da möhkəmlənmiş, ulu öndərin memarı olduğu müasir müstəqil Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoymuşdur. Konstitusiyamızın tanınmasında misilsiz xidmətlər göstərmiş, şərəfli ömrünü xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarının yeni nəsillər üçün örnək olduğu qeyd edilmişdir. Çıxışlarda vurğulanmışdır ki, Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq işləri nəticəsində son illər ölkəmiz daha da inkişaf etmiş, bütün sahələrdə uğurlar qazanılmışdır.
Sonda şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləmiş, mahnılar ifa etmişlər.