Ağdaşın sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər görülmüşdür

 

01

Cari ilin 9 ayında Ağdaş rayonunda ümumi daxili məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz və ya 8 milyon 674 min manat artaraq 193 milyon 237 min manat olmuşdur. Doqquz ayda sənaye məhsulu istehsalı 4,3 faiz və ya 223,4 min manat artaraq 5 milyon 407 min manat, kənd təsərrüfatı məhsulu istehsalı 9.3 faiz və ya 10 milyon 515 min manat artaraq 123 milyon 247 min manata çatmışdır.Xalq.az xəbər verir ki, bu məlumat Ağdaş rayonunda cari ilin 9 ayı ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov ötən dövrün rayonun sosial-iqtisadi həyatında uğurlu nəticə ilə yadda qaldığını, bu müddətdə tikinti-quruculuq işlərinin geniş vüsət aldığını, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin həllinə diqqətin artırıldığını vurğulamışdır.
Bildirilmişdir ki, doqquz ayda rayonda 370-i daimi olmaqla 1630 yeni iş yeri yaradılmışdır.
Hesabat dövründə rayonda Bayraq meydanının, rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı, rayon yanğından mühafizə hissəsi üçün yeni inzibati binaların tikintisi davam etdirilmiş, Qolqəti və Ərəbocaq kəndlərində yeni həkim məntəqələri tikilib istifadəyə verilmiş, Tofiqi kəndindəki həkim məntəqəsinin tikintisi başa çatdırılmışdır. Rayonun Qəribli, Şordəhnə, Qaradağlı, Cardam, Kotanarx, Eymur kəndlərində 180 şagird yerlik, Qaroğlan kəndində isə 80 şagird yerlik məktəb binaları tikilmiş və Ağdaş şəhərindəki 11 nömrəli uşaq bağçası əsaslı təmir edilmişdir.
Rayonda 72,5 kilometr uzunluğunda elektrik verilişi xətti əsaslı və cari təmir olunmuş, Kükəl kəndi ərazisində 220/110 kv-luq 2×125 MVA gücündə Ağdaş regional elektrik yarımstansiyasının tikintisi işləri davam etmişdir. Rayonun Tofiqi, Əmirmahmud, Qarağan-Saat, Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz verilmişdir.
Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmişdir.
Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin tikintisində son tamamlanma işləri görülür və artıq kompleksə Macarıstandan 400 baş yerli şəraitə uyğun ətlik və südlük mal-qara gətirilmişdir.
Tədbirdə idarə və təşkilat rəhbərləri çıxış edərək görülmüş işlər barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışlar.