Agentlik istixana kompleksini yoxladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərindəki monitorinqləri çərçivəsində 30 may tarixində “Azərsun Holdinq”ə məxsus “Green Tech” MMC-də istixana kompleksinə baxış keçiriblər.

XALQ.AZ xəbər verir ki, Qurumdan  verilən xəbərə görə, monitorinq zamanı istehsalçılara qida təhlükəsizliyi sahəsində dövlət siyasəti, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qarşıya qoyulan tələblər barədə geniş məlumat verilib. Bildirilib ki, 1 iyul 2018-ci il tarixindən etibarən Agentlik qida təhlükəsizliyi qeydiyyatı, bu sahədə dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər istiqamətlərində fəaliyyəti həyata keçirəcək.

Agentliyin mütəxəssisləri monitorinq zamanı müəssisə əməkdaşlarına qida zəncirinin bütün mərhələlərində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirərək onlara məlumatverici təlimatlar təqdim ediblər.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi 22 may tarixindən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə maarifləndirici monitorinqlərə başlayıb.

 

 

Orxan