Ağır qəzaya düşdüyü deyilən Vüqar başqası imiş – VİDEO

“Son günlər haqqımda xoşagəlməz söz-söhbətlər gəzir ki, Vüqar xəsarət alması ilə bağlı qara piarla məşğuldur, özünü reklam edir. Bu, yalandır. Heç vaxt ucuz reklamlara ehtiyacım olmayıb”. 

XALQ.AZ xəbər verir ki, bu sözləri ötən həftə haqqında dəhşətli qəza xəbəri yayılan müğənni Vüqar Muradov deyib. Sosial şəbəkədə video yayan ifaçı həqiqətən ad, soyadı onunla eyni olan, eyni zamanda ona bənzəyən birinin qəza keçirdiyini vurğulayıb.

O, adaşı Vüqara baş çəkərək xalqdan onun üçün kömək də istəyib:

“Vəziyyəti çox pisdir, təcili əməliyyata ehtiyacı var. Sifətində sınıqlar çoxdur. Əməliyyat etməyə imkanı olmadığı üçün evdə ağrılar içində dəstək gözləyir. Məni sevənlərdən ona kömək etməyinizi xahiş edirəm”.

Sonda onun haqqında yalan informasiya yayanlara üzünü tutan Muradov “Haqqımda “özünü ucuz reklam edir” deyənlər, utanın sadəcə. Yalnız ucuz insanlar özlərini ucuz reklam edə bilərlər”, – sözlərini qeyd edib.