Ağsaqqallar Şurasına yeni sədr seçildi

1601367790 8b763260 cd9f 44e3 9575 881e1f72577a 850

Bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında 8-ci növbədənkənar qurultayı keçirilib.

XALQ.AZ-ın məlumatına görə, qurultayda çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri müavini Əhliman Əmiraslanov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının qəlbi, ruhu ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbçilərimizin yanındadır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əks-hücuma keçib, bir neçə kənd işğaldan azad edilib, strateji yüksəkliklərə nəzarət təmin olunub: “Hesablamalara görə, Ermənistanın itkilərinin sayı 600-ü keçib. Təəssüf ki, Azərbaycanın hərbçiləri və mülki əhali arasında şəhidlər var. Əminəm ki, torpaqlarımız işğaldan azad ediləcək”.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Ə. Əmiraslanov qeyd edib ki, Ağsaqqallar Şurasına uzun illər uğurla rəhbərlik etmiş Fəttah Heydərov vəfat edib: “Ölkəmizdə elə bir ictimai-siyasi hadisə olmayıb ki, Ağsaqqallar Şurası münasibət bildirməsin. Ağsaqqallar Şurası hər zaman Prezident İlham Əliyevin daxili, xarici siyasətini dəstəkləyib. Ağsaqqallar Şurasının uğurlu fəaliyyətində Fəttah Heydərovun böyük rolu olub”.

Ə. Əmiraslanov Ağsaqqallar Şurasının hər zaman Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevanın qayğısını hiss etdiyini vurğulayıb.

Qurultay üzvləri Fəttah Heydərov və ötən dövr ərzində vəfat edən Ağsaqqallar Şurasının üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayın gündəliyinə Ağsaqqallar Şurasının Nizamnaməsinin yeni redaksiyada qəbulu, Ağsaqqallar Şurasının sədrinin seçilməsi və digər məsələlər daxil edilib.

Daha sonra qurultayda Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib.