Ağsuda sahibkarlara əlavə “rusum”

50

İcra Başçısının nümayəndələri  rayon ərazisində  fəaliyyət göstərən ticarət obyektlərindən pul yığır.

 

 Ağsu rayonunda bayram qabağı durum gərginləşməkdədir. Bu barədə Xalq.az-a rayon sakinləri məlumat verib. Sakinlər bildirir ki, icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev  rayon ərazisindəki obyektlərə əlavə rusum tətbiq edib. Sakinlər redaksiyamıza yazırlar: «Ənvər Seyidəliyevin adından muavini İqbal Mikayılov və  rayonun baş memarı Xanlar Hüseynov  bu həftənin birinci günündən, etibarən rayon mərkəzində və digər ərazilərdəki obyekt sahiblərinə xəbərdarlıq edilib. Əslində xəbərdarlıqlarının mahiyyəti aydındır. Hər bir sahibkardan rayondakı abadlıq işlərində, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri istənilib ki, bunun da arxasında konkret olaraq maddi marağın dayandığı faktdır».

 

 Xatırladaq ki, hələ bu ilin 12 fevral tarixində prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən müşavirədə də bu məqama toxunulmuşdu və icra başçılarına xitab edən dövlət başçısı sərt şəkildə bildirişdi ki, heç bir icra başçısı hansısa sahibkarı zorla hansısa prosesə cəlb edə bilməz.

 

 Amma görünür, Ənvər Seyidəliyev üçün bu kimi xəbərdarlıqlar yetərsizdir. Elə bunu ifadə edən rayon sakinləri müraciətlərində qeyd edirlər ki, artıq 15-ə yaxın sahibkardan ən azından 1500-3000 manat arası pul toplanılıb: «Hər kəs bu pulu vermək zorundadır. Yoxsa obyekti bağlana bilər. Düzdür, bunu açıq şəkildə ifadə etmirlər. Amma biz nələrin baş verəcəyini yaxşı bilirik».

Sahibkarlardan əlavə “rusum” adından alınan pullar rayonda bayram tədbirlərinin keçirilməsində və əztəminatlı ailələrə yardım olunacağı kimi bildirilir.

 

 Qarşı tərəflə əlaqə saxlasaqda telefon dəstəylərini qaldıran olmadı ,və qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.