Akademiyada konstitusiya günü qeyd olundu

25

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 12 noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

 

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov tədbiri acıq elan edərək Konstitusiya Günü münasibətilə toplantı iştirakçılarını təbrik edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

Azərbaycan Respublikasının Konstitusiyası layihəsinin hazırlanmasını Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirən Ş. Sultanov qeyd edib ki, yeni əsas qanun humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaradıb.

 

Qeyd olunub ki, ölkə Prezidentinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının ehtiva etdiyi mütərəqqi dəyərlərə sadiqlik, onların qorunub saxlanması və inkişaf etdirilməsi üzərində qurulub. Oktyabrın 9-da dövlət başçısı İlham Əliyevin böyük üstünlüklə növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi həyata keçirilən dövlətçilik kursuna xalqın etimadının və inamının ən yüksək ifadəsidir.
Bildirilib ki, bu günlərdə özünün 15 yaşını qeyd edəcək MTN-in Heydər Əliyev adına Akademiyasında Konstitusiyanın qəbul edilməsinin 18-ci ildönümünün qeyd olunması da əlamətdar  hadisədir.

 

Çıxış edən dinləyici leytenant X.Qələndərli, kursantlar K. Teymurzadə və R.Zəkiyev Heydər Əliyevin adını daşıyan Akademiyada təhsil aldıqlarından qürur duyduqlarını, milli maraqların və təhlükəsizliyin etibarlı təmin olunması, dövlət müstəqilliyi, suverenlik, ərazi bütövlüyü  və konstitusiya quruluşunun qorunması, ölkənin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətlərində bundan sonra da Prezident, Ali Baş Komandan İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını vurğulayıblar.