“Akopyanın və ərinin sülh deyəndə nəyi nəzərdə tutduqları aydındır” – Deputat

elnurrr

Milli Məclisin deputatı Elnur Allahverdiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Azərbaycanın işğal olunmuş ərazilərində silahla poz verməsini kəskin tənqid edib.  

“Şəkildəki qadın Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyandır. Azərbaycanın işğal olunmuş ərazisində qadınlar üçün hərb həyatına alışmaq və hərbi bacarıqlara yiyələnmək üzrə kurs təşkil edib. Avqustun 25-dən 31-dək keçən təlimlərdə müxtəlif yaş qruplarından olan 15 erməni qadın hərb elmi ilə “tanış olublar”. Şəkildən görünür ki, Paşinyanın xanımı “Kalaşnikov” avtomatını şərti düşmənə tuşlayaraq aşağı səviyyəli təbliğatın baş ifaçısına çevrilib. Demək istəyir ki, ey azərbaycanlılar, müharibə başlasa biz qadınlar da əlimizə silah götürüb sizlərlə döyüşməyə hazırıq”, fikirlərini deputat Elnur Allahverdiyev özünün “Facebook” səhifəsində yazıb.

XALQ.AZ xəbər verir ki, o qeyd edib ki, Paşinyan özü və ailəsi hakimiyyətdə olduqları qısa müddətdə dəfələrlə siyasi qalmaqalların iştirakçıları olublar: “Ölkə daxilində Paşinyanın nüfuzu durmadan aşağı enir. Ancaq bu ər-arvadın ən böyük iflası Dağlıq Qarabağ problemi ilə bağlı sərgilədikləri ziddiyyətli mövqedə özünü biruzə verir. Nikol dünən dediyini bu gün inkar edir, özünü və rəhbərlik etdiyi dövləti siyasi dalanlara və labirintlərə salmaqdan usanmır. Bir vaxtlar sabiq prezident Levon Ter-Petrosyanın sülh partiyasında təmsil olunan və hakimiyyətə təzə gəldikdə erməni xalqını barışığa hazırlamaq üçün vaxt dilənən Paşinyan kimi, xanımı Akopyan da anaları sülhə çağırır və hətta “Qadınlar sülh naminə” adlı təşkilat da yaratmışdı. Sonuncu dəfə o, iyul döyüşləri zamanı da azərbaycanlı analara müraciət edib hərbi əməliyyatları dayandırmağa çağırış etmişdi. Üstündən bir ay keçməmiş isə əlində avtomat, əynində hərbi geyimlə poz verir”.

“Akopyanın və ərinin sülh deyəndə nəyi nəzərdə tutduqları aydındır. Onların təmsil etdikləri xalqdan fərqləri yoxdur və ola da bilməz. Biz bunu çoxdan bilirdik, heç Akopyan bu şəkilləri çəkdirməsə də. Sadəcə olaraq, gərək Akopyan və təlim keçən 15 qadın bilsinlər ki, biz onlarla deyil, ərləri, qardaşları və ataları ilə görüşəcəyik döyüş meydanlarında. Görüşüb dərslərini verəcəyik. Biz kişiyik, qadına silah qaldırmaq bizlik deyil. Biz ermənilər kimi qadınları əsir götürüb işgəncə vermirik və vermərik. Odur ki, Akopyan və Paşinyan bu şəkilləri yaxşı saxlasınlar, ucuz təbliğatın nə ilə bitəcəyi vaxt gələndə çıxarıb bir də baxarlar”, – deyə deputat qeyd edib.

XALQ.AZ