Ali Məclisdə görüş keçirilmişdir

99

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Abişer ilə görüşmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov səfir Paskal Abişeri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin əsası 1992-ci ildə qoyulmuşdur. Bu gün ikitərəfli münasibətlər müxtəlif sahələr üzrə inkişaf etdirilir. Hər iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiya, eləcə də parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən 2001-2011-ci illərdə muxtar respublikada kəhrizlərin bərpası layihəsinin icra olunduğunu bildirmiş, bu zaman bir sıra görüşlərin keçirildiyini xatırlatmışdır. Ali Məclisin Sədri əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamış, səfirə işlərində uğurlar arzulamışdır.
Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Paskal Abişer Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətənində – Naxçıvanda ilk dəfə olduğunu və muxtar respublikada əldə edilən inkişafın məmnunluq doğurduğunu qeyd etmişdir. Səfir Azərbaycan-İsveçrə əlaqələrinin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırmış, diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını bildirmişdir.
Görüşdə əməkdaşlığın müxtəlif sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Qonaq üç günlük səfəri müddətində Naxçıvan Muxtar Respublikasının təhsil və istehsal müəssisələri, qədim tarixi abidələri, görməli yerləri və turizm potensialı ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəkdir.