Allahşükür Paşazadə BMT müşaviri ilə görüşdü

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan BMT baş katibinin xüsusi müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdulla Matuqu qəbul edib.

 

XALQ.AZ xəbər verir ki, QMİ-nin Mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan parlamentinin yaranmasının 100 illiyinə həsr olunan yubiley tədbirlərinə qatılmaq üçün Bakıya gələn qonaq şeyxülislamla görüşdən məmnun olduğunu bildirib.

Qonaq rəhbərlik etdiyi təşkilat xəttilə beynəlxalq miqyasda qaçqın, məcburi köçkünlərlə bağlı layihələr, xüsusilə, Türkiyədə məskunlaşmış suriyalı qaçqınların vəziyyətinin yaxşılaşdırılması yönündə görülən əməli işlər barədə A.Paşazadəyə məlumat verib.

Qardaşlıq şəraitində keçən görüşdə Azərbaycanda dini-mənəvi sahədə görülən işlər barədə qonağı məlumatlandıran QMİ sədri, Azərbaycan dövlətinin İslam dünyası ilə əlaqələrə verdiyi önəm, Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyasda İslam həmrəyliyi ideyasınin təşəbbüskarı olması, islamofobiyaya qarşı hər zaman etiraz səsinin ucaltması barədə, habelə ölkəmizdə dini abidələrə, dindarların mənəvi ehtiyaclarının yüksək səviyyədə həyata keçirmələrinə dövlət səviyyəsində diqqət və qayğıdan bəhs edib.

A.Paşazadə qonağa qarşıdan gələn aylarda QMİ tərəfindən keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar barədə məlumat verib və həmin tədbirlərə dr. A.Matuqu dəvət etdiyini bildirib. Dəvəti qəbul edən qonaq, öz növbəsində, şeyxülislamı oktyabr ayında Küveytdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirə təşrif buyurmağa dəvət edib.

Azərbaycanda elmi əsaslarla, Şamaxı Astrofizika Rəsədxanası ilə əməkdaşlıqda tərtib olunan təqvimlərə əsasən tərtib olunan hicri təqvimlər barədə şeyxülislamın fikirlərini maraqla dinləyən qonaq bu təqvimləri etibarlı mənbə adlandıraraq, siyasi və dini amillərə deyil, elmə əsaslanan nümunəvi bir iş olduğunu xüsusi vurğulayıb.

Səmimi qardaşlıq şəraitində keçən görüşdə əslən küveytli qonaqla Azərbaycan-Küveyt mənəvi əlaqələri barədə danışılıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.