Allahşükür Paşazadə: “Bu yöndə hər hansı təxribatlara imkan vermək olmaz”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə son vaxtlar bölgədə baş verən erməni təxribatları ilə bağlı XALQ.AZ-a açıqlama verib.
“Mən, adətən, siyasi mövzulara toxunmamağa üstünlük verirəm, lakin mövzu Vətən, xalq maraqlarıdırsa, ona xələl gətirmək cəhdlərinə biganə qalmaq olmur”, – deyən Şeyxülislam Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aramın Qarabağla bağlı qalmaqallı açıqlamasını şərh edib:
“Bu yaxınlarda bölgəmiz xaricində yaşayan Kilikiyalı erməni katolikosu I Aramın Qafqaz bölgəsi üçün həssas olan məsələyə dair təhrikedici və qızışdırıcı bəyanat verməsi bölgə xalqlarının hiddətinə səbəb olub. Əfsuslar olsun ki, Uca Yaradanın buyurduqlarına deyil, siyasi liderinin istəklərinə uyğun mövqe sərgiləyən bu din adamı öz ambisiyaları naminə siyasi alətə çevrilib.
Siyasilərin təhriki ilə hərəkət edən Katolikos I Aramı Qafqaz bölgəsinin taleyi, bəyanatının bölgə xalqları, o cümlədən erməni xalqının özü üçün hansı faciələrə yol aça biləcəyi narahat etmir.
Bu din xadiminin yeganə istəyi populist bəyanatlarla gündəmə gələrək dini karyerasında irəliləyiş təmin etməkdir.
Bu yolda dividend yığmaq məqsədilə I Aram işğal olunmuş Qarabağ torpaqlarına dəfələrlə səfər edib. İndi isə yeni liderlərin diktəsi, siyasi dirijorluğu ilə bölgəni çalxalamaq, dini savaşın ideoloqu kimi çıxış etmək niyyətindədir”.
Şeyx bu hərəkətlərin və məsuliyyətsiz bəyanatların, habelə Njde kimi faşist ideologiyası ardıcıllarının ermənilər tərəfindən qəhrəman səviyyəsinə qaldırılması kimi halların, birmənalı şəkildə, Qafqazda sülhə, sabitliyə zərbə vurduğunu qeyd edib.
“Münaqişəni yenidən qızışdırmağa, dini zəminə gətirməyə cəhd edən, xristian-müsəlman qarşıdurmasını körükləmək istəyən və beləcə, odla oynayan livanlı erməni katolikosunun məramı aydındır.
Bütün ermənilərin Katolikosu II Qareginin bu məsələyə niyə susmasının səbəbi isə bəlli deyil. Özü də dəfələrlə Ermənistan rəhbərlərinin Dağlıq Qarabağa səfərlərində iştirak edən, onların önündə getməklə siyasilərin əsiri kimi çıxış etmiş olan II Qaregin zəbt etdikləri Azərbaycan torpaqlarının işğalına mənəvi haqq qazandırmaq istəyir.
Unudur ki, sülhməramlı görüşlərimizdə imzaladığımız birgə bəyannamələrdə biz xalqlarımızın dinc yanaşı yaşaması naminə yalnız sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində qarşılıqlı qəbul olunan qərarların hazırlanmasına yardım göstərəcəyimizə ümidimizi ifadə etmişik.
Qətiyyətlə bildiririk ki, bu yöndə hər hansı təxribatlara imkan vermək, belə avantüralara biganə qalmaq olmaz.
I Aramın məlum havadarlarının tövsiyəsi ilə ölkə xaricində oturub bizim bölgəmizdəki hadisələrə qarışmaq, onları xoşagəlməz məcraya yönləndirmək cəhdlərinin qarşısı qətiyyətlə, birmənalı şəkildə alınmalıdır.
Zənnimizcə, ilk növbədə, erməni xalqı özü belə təxribatlara münasibət bildirməlidir. Biz, öz növbəmizdə, Qafqaz Müsəlmanları İdarəsi olaraq, Katolikos I Aramdan belə məsuliyyətsiz, qızışdırıcı mahiyyətli bəyanatlarına son verməyi tələb edirik”.

Yeganə