Allahşükür Paşazadə səfirə Qurani Kərim hədiyyə etdi

Sentyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Gürcüstan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib. 

QMİ-nin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, A. Paşazadə Azərbaycan və gürcü xalqları arasında tarixən formalaşmış dini-mənəvi əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Şeyxülislam bildirib ki, Gürcüstan Qafqaz Şeyxülislamlığı tarixində özəl yer tutur və bölgənin dini mərkəzi – Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir. QMİ sədri A. Paşazadə Gürcüstan Pravoslav Kilsəsi ilə olan əlaqələrin və Qafqazın ağsaqqal dini lideri – Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə səmimi münasibətlərinin xalqlarımız və dövlətlərimiz, bütövlükdə bölgəmiz üçün böyük dəyər kəsb etdiyini xüsusi qeyd edib.

Dövlətlərimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərini, dövlət rəhbərlərimizin qarşılıqlı ehtiramını böyük nemət kimi dəyərləndirən Şeyxülislam A. Paşazadə səfir F.Quliyevə qarşıdakı fəaliyyətində uğurlar diləyib və ümidvar olduğunu bildirib ki, onun səfirliyi dövründə qonşu Gürcüstan ilə bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələr müstəvisində münasibətlər daha yüksək səviyyəyə qalxacaq.

Görüşün sonunda Şeyxülislam A. Paşazadə səfirimizə müqəddəs Quran-Kərimin nəfis nüsxəsini hədiyyə edib.