AMEA-da akademik Ramiz Mehdiyevin kitabının təqdimatı oldu

“Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı tarixşünaslığımızda hadisədir.

Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdimatı keçirilən bu kitabın tarixşünaslığımıza sanballı töhfə və gənc tarixçılər üçün dəyərli mənbə olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini qeyd etməklə yanaşı, Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən bir sıra sanballı tədqiqat əsərlərinin müəllifi olduğunu bildirib. İ.Həbibbəyli “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olduğunu, yeni tədqiqatlar üçün imkanlar açdığını söyləyib. O, bu kitabı zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış, tarixşünaslığımıza töhfə olan əsər kimi dəyərləndirib. Bildirib ki, akademik Ramiz Mehdiyevin Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarixşünaslıq elmində ən mühüm nailiyyətlərdən biridir. “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı da bu tədqiqatların məntiqi davamı olaraq, həm dəyərli elmi mənbə, həm də gənc tədqiqatçılar üçün istiqamətverici proqramdır. İsa Həbibbəyli kitabı xanlıqlar dövrümüzə yeni elmi və obyektiv baxış kimi dəyərləndirib.

Akademik Yaqub Mahmudov, professor İlham Məmmədzadə və digər çıxış edənlər də akademik Ramiz Mehdiyevi aktual, tədqiqi zəruri olan kəskin problemləri öncədən görmək və yüksək elmi səviyyədə araşdırmaq qabiliyyəti ilə fərqlənən alim kimi xarakterizə edib, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının Azərbaycan tarixşünaslığına dəyərli töhfə olduğunu vurğulayıblar. Qeyd olunub ki, akademik Ramiz Mehdiyevin alim və vətəndaş mövqeyini əks etdirən “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı tarixşünaslığımızda hadisədir. Müəllif ilk dəfə olaraq həmin dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə təhlil edib, bir çox qaranlıq məqamlara aydınlıq gətirərək, onilliklər ərzində formalaşmış stereotipləri qırmağa çalışıb. Eyni zamanda, tarixşünaslığımızın həmin dövrlə bağlı aktual problemlərinə toxunaraq onların optimal həll yollarını göstərib.

Qeyd edək ki, akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Akademik xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Nəticədə müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfədir ki, xanlıqlar dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə dəyərləndirilir. Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları özündə tarixi həqiqətləri əks etdirir. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyət kəsb edir. Təqdim edilən sənədlər müvafiq şərh və izahlarla müşayiət olunur.

Kitabda türkiyəli tarixçi F.Sümər, iranşünas və şərqşünas alimlər M.S.İvanov, K.E.Bosvort, Y.Krımski və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilir. Kitabda Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov, birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəkçay müqavilələri barədə verilən məlumatlar oxucuya həmin dövrün mühüm şəxsiyyətləri və hadisələrinə dair yığcam məlumatlar çatdırır.

image description

image description

image description

image description

 

Orxan