AMEA da iclas kecirldi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. XALQ.AZ-ın məlumatina görə, iclasda ilk olaraq Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin akademik-katibi, akademik Nazim Məmmədov məruzə ilə çıxış edib.

Akademik bildirib ki, hesabat ilində bölmənin müəssisələrində 18 problemə aid 82 mövzu üzrə 323 tədqiqat işi aparılıb: “12 mövzu və 146 iş artıq tamamlanıb. Bölmə üzrə patent üçün 17 iddia sənədi verilib və 6-sı xaricdə olmaqla 16 patent alınıb”.

2017-ci ildə alimlərin 1061 məqaləsinin dərc olunduğunu vurğulayan N. Məmmədov onlardan 462-nin Scopus və Thomson Reuters bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib.

Akademik əməkdaşların əsərlərinə 9956 istinad olunduğunu bildirib: “Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün informasiya sistemi Bakıxanov küçəsində yerləşən və hazırda istismarda olan körpünün gövdəsində quraşdırılıb”.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb və hesabat təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə mühüm nəticələr Akademiyanın illik hesabatına daxil edilib.

İclasda AMEA-nın Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul olunub.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Zoologiya İnstitutunun doktorantı Nərmin Beydizadə Rumıniyanın Babeş-Bolyai Universitetinə ezam edilib, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov Beynəlxalq Türk Akademiyasının təsis etdiyi “Atalar mirası” Ensiklopedik Multimedia Fondunun koordinatoru vəzifəsinə təyin olunub.