“Amerikalılar nə qədər böyük səhv etdiklərini başa düşmədilər”

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymanini öldürməklə İranın unutmayacağı ağır bir cinayət törətdi.

XALQ.AZ-ın məlumatına görə, İran Prezidenti Həsən Ruhani Q.Süleymaninin ailəsi ilə görüşdə belə bəyanatla çıxış edib.

Onun sözlərinə görə, ABŞ-ın addımı İran xalqına qarşı ən pis cinayət kimi tarixdə qalacaq.

“Amerikalılar nə qədər böyük səhv etdiklərini başa düşmədilər. Bu cinayətin fəsadları təkcə bu gün deyil, sonrakı illərdə də özünü göstərəcək”, – deyə H.Ruhani əlavə edib.

O bildirib ki, İranın xaricdəki hərbi əməliyyatlarına cavabdeh olan SEPAH regionun, o cümlədən, İraq, Suriya, Yəmən, Livan və Əfqanıstan xalqlarının təhlükəsizliyinə xidmət edib.

H.Ruhani qeyd edib ki, Q.Süleymani olduqca istedadlı bir siyasətçi və strateq idi.

Xatırladaq ki, SEPAH-ın “Əl-Qüds” bölməsinin komandanı Q.Süleymani Bağdad hava limanına endirilən raket zərbələri zamanı öldürülüb.  

XALQ.AZ