ANAMA fəaliyyətinin 21-ci ildönümünü qeyd edir

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaradılması ölkədə mina və partlamamış hərbi sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub.

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün ANAMA arxada qalan illər ərzində beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olub.

Agentlikdən  bildirilib ki, ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə və minadan zərərçəkənlərə yardım sahələrində də kifayət qədər təcrübəsi var və hər iki sahə üzrə layihələr bu gün uğurla həyata keçirilir.

ANAMA-nın MTM-lə bağlı fəaliyyəti əsasən 3 istiqamətdə aparılır – məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması və əhali arasında ümumi təbliğat işləri. MTM üzrə dərslər 26 bölgədə 3 min 635 müəllim tərəfindən 1200 məktəbdə keçirilir. Hazırda bu kurs 55 min şagirdi əhatə edir və növbəti illərdə də bunun davam etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan hökumətinin tapşırığına əsasən, Əfqanıstan İslam Respublikasına qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində 2008-ci ildən etibarən Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bunun nəticəsi olaraq MTM üzrə şagirdlər və müəllimlər üçün vəsait çap edilərək Əfqanıstanın Təhsil Nazirliyinə təqdim edilib. Hazırda aparılan danışıqlara əsasən bu kimi fəaliyyətin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycanda Minadan Zərərçəkənlərə Yardım (MZY) proqramı bu cür insanların cəmiyyətə inteqrasiya olunmasına yönəlib. Proqram çərçivəsində “Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi”, “Azərbaycan minadan zərərçəkənləri üçün icma əsaslı kiçik biznes təlimləri”, “Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi”, “Minadan zərərçəkmiş insanlara və yaxud onların ailə üzvlərinə xalçaçılıq və dərzilik təlimlərinin verilməsi ilə işə cəlb etmək” və “Əlil arabalarının paylanması” kimi layihələr həyata keçirilib. Eyni zamanda, ANAMA beynəlxalq minatəmizləmə təşkilatları və digər milli minatəmizləmə qurumları ilə qarşılıqlı yardım və təcrübə mübadiləsini uğurla reallaşdırır.

2009-cu ildən başlayaraq ANAMA dövlət proqramına müvafiq olaraq ikitərəfli əlaqələr çərçivəsində Əfqanistan, Gürcüstan, Tacikistan, Türkiyə və Ukraynadan olan mütəxəssislər üçün təlimlər keçirib. Bu sahədə görülən işlər davam etdirilir.

Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumunun Təlim və Monitorinq Qrupu tərəfindən 2001-ci ildən bu günədək humanitar mina aksiyası sahələri üzrə 193 təlim kursu keçirilib və bu təlimlərdə 2049 nəfərdən artıq müdavim iştirak edib. Onlardan 315-i əcnəbi vətəndaş olub.

ANAMA ilə NATO/NSPA əməkdaşlığı çərçivəsində “Saloğlu layihəsi” üzrə 2005-2011-ci illərdə 5 milyon 700 min kvadratmetr və 2012-2018-ci illərdə “Ceyrançöl təmizləmə layihəsi” üzrə 66 milyon kvadratmetr ərazinin təmizlənməsi üzrə əməliyyatlar uğurla yerinə yetirilib. Nəticədə “Saloğlu layihəsi” və “Ceyrançöl təmizləmə layihəsi” çərçivəsində ümumilikdə 658 min 526 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Bununla yanaşı, 2015-ci ildən indiyədək Agentlik tərəfindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, yerli icra orqanları və digər qurumların müraciətləri əsasında təcili təxirəsalınmaz əməliyyatlar (tək sursat əməliyyatları) aparılıb, 3 milyon 813 min 674 kvadratmetr ərazi yoxlanılıb və nəticədə 16 min 493 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə, indiyədək Agentlik tərəfindən cəmi 535 milyon 431 min 256 kvadratmetr ərazi təmizlənib, 803 min 907 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

 

Orxan