Aqiyə Naxçıvanlı görüş keçirib

Azərbaycan Respublikası Milli Məclisinin 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputatı Aqiyə Naxçıvanlı Oğuz gəncləri ilə dəyirmi masa arxasında görüş keçirmişdir. Tədbirdə Oğuz Rayon Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov, rayonun mədəniyyət və turizm sahəsində, təhsilində, elmi-pedaqoji fəaliyyətində, idman sahəsində fərqlənən fəal gənclər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Aqiyə Naxçıvanlı oğuzlu gənclərin təhsilinə hər zaman diqqətlə yanaşdığını, fərqlənən gənclərə xüsusi qayğı göstərdiyini və bu işi gələcəyimiz naminə bir vəzifə olaraq gördüyünü bildirmişdir. Oğuz gənclərinin hər görüşdə daha intellektual, daha kreativ düşüncəli olduqlarını nəzərə çatdıraraq onların ölkəmizin inkişafında əhəmiyyətli rolundan danışmışdır. O ölkə gənclərinin qayğılarını hər zaman diqqət mərkəzində saxlayan cənab Prezidentimiz İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm işlər görüldüyünü, bu məqsədlə «Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiqi, Gənclər Fondunun yaradılması, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların imzalandığını diqqətə çatdırmışdır. Bu siyasətin  nəticəsində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilmiş, gənc istedadlara dövlət qayğısı artırılmış, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi mühüm hal almışdır.

Daha sonra gənclərə söz verən deputat onların dövlətimizə sadiq və layiqli vətəndaş olmalarını, peşə və ixtisas seçərkən rayonunun xarakterik xüsusiyyətlərini nəzərə almalarını, Oğuz  üçün perspektiv olan sahələri seçmələrini tövsiyə etmişdir.

Çıxış edən gənclər Aqiyə xanımın hər il Oğuz gəncləri ilə görüşdüyünü yüksək qiymətləndirərək, onun gənclərə necə dəyər verdiyindən danışmış, hər bir gənc üçün stimulverici insan olduğunu qeyd etmişlər.

Çıxışlarda hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədə fəaliyyəti xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, onun həyata keçirdiyi bütün tədbirlərdə gənc nəslin sağlamlığı, intellektual və fiziki inkişafı daim diqqət mərkəzində saxlanılır. Neçə-neçə məktəblərin, baxçaların tikilməsi, istedadların üzə çıxarılması, sağlamlığı məhdud gənclərin müalicə edilərək aktiv həyata qaytarılması bunlara bariz nümunələrdəndir.

Oğuz gəncləri dövlətin onlara olan qayğısından, gələcəyə düzgün istiqamətləndirilməsindən, daim maarifləndirilmələrindən, onlarla görüşlərin tez-tez keçirilməsindən razı qaldıqlarını bildirərək, müasir Azərbaycana layiqli vətəndaş olacaqlarına söz vermişlər.

Daha sonra tədbir ictimai davranış, yaşlı nəslə hörmət, erkən nikahlar, milli mənəvi dəyərlərin qorunması istiqamətində davam etdirilmişdir.

Orxan