Aqiyə Naxçıvanlı seçiciləri ilə qəbul keçirib

117 saylı Oğuz – Qəbələ seçki  dairəsi  üzrə VI çağırış Azərbaycan  Respublikası Milli Məclisinin deputatı, Aqiyə  Həbib  qızı  Naxçıvanlı sentyabrın ilk günlərində seçiciləri ilə onlayn görüş keçirib.

XALQ.AZ xəbər verir ki, tətil günlərində də tək-tək vətəndaş müraciətlərini cavabsız qoymayan deputat yeni payız sessiyasında seçicilərlə daha intensiv görüşməyi və onların problemlərinin həlli üçün səylə çalışacağını söyləyib. Görüşdə Oğuz rayonu üzrə Udin İcmasının sədri, Oğuz şəhərindən və  seçki dairəsinin Filfili, Qarabulaq, Qumlaq kəndlərindən  müraciət edən vətəndaşlar iştirak ediblər.

Udin icmasının sədri Svetlana Ağababayeva Oğuzda udinlərə olan diqqət və qayğıdan danışdı, ölkə Prezidenti Cənab İlham Əliyevin Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələrinə çox hörmət və ehtiramla yanaşmağından, tolerantlıq sahəsində gördüyü işlərdən, onların hüquqlarının yüksək səviyyəsində qorunduğundan bəhs etdi. Deputatdan xahişi isə Oğuz şəhərində olan udin qəbiristanlığına yeni keşikçi təyin olunmasına köməklik göstərilməsi olub. 

Onlayn qəbulda iştirak edən ağsaqqal Şabəddin Məmmədli deputat Aqiyə Naxçıvanlının ildə bir neçə dəfə rayon ağsaqqalları ilə görüşməyindən, onlarla məsləhətləşmələr apararaq rayon əhəmiyyətli məsələləri vaxtında aşkar etməsindən, həlli üçün zamanında hərəkətə keçdiyindən, bununla da Oğuzun inkişafına hər zaman öz töhvəsını verməsindən danışdı. Şabəddin Məmmədli gözündə yaranan problemlə bağlı müayinə və müalicə üçün köməklik göstərilməsini xahiş edib. 

Digər seçici – Qumlaq kənd sakini Mikayılova Sanəndə Bəkir qızı deputatla artıq dəfələrlə görüşdüyünü, hər görüşdən də məmnun qaldığını bildirərək bu dəfə fərqli bir xahişlə görüşə gəldiyini deyib. O, rayonun Qumlaq kəndində içməli su probleminin həll olunmasına köməklik göstərməyini deputatdan xahiş edib. 

Görüşdə iştirak edən Qarabulaq kənd sakini Qəribov Əmrulla Eyyub oğlu isə serebral iflic xəstəsi olan nəvəsinin müalicəsinin davam etdirilməsinə köməklik göstərilməsini xahiş edib. O bildirdi ki, Aqiyə Naxçıvanlı deputat olduğu dövrdə neçə-neçə imkansız ailəyə, körpələrin müalicəsinə xüsusi diqqət və qayğı ilə yanaşıb.

Qəbulda iştirak edən digər seçicilər İnanc Əsədulayeva, Füzuli Tağıyev, Firuz Mustafayev və başqaları da öz problem və xahişlərini deputata çatdırdılar və onları qəbul etdiyi üçün təşəkkürlərini bildiriblər. 

Deputat onların hər birini səmimiyyətlə dinləyərək, səslənən müraciətləri qeydiyyata aldı. Bəzilərini yerindəcə həll etdi, digərlərini aidiyyəti qurumlara ünvanlayacağını bildirib.

Görüşün sonunda deputat Aqiyə Naxçıvanlı bu qayğı və diqqətin ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hər bir Azərbaycan vətəndaşına göstərildiyini, xüsusən də pandemiya şəraitində ölkədə aparılan işlərin, görülən tədbirlərin məhz Azərbaycan vətəndaşına olan qayğının təzahürü olduğunu qeyd edib.

XALQ.AZ