“Aqrolizinq” sədrinin atasının evini soyublar – “Evimizə baxan adam…”

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun məhkəməsi keçirilib.

XALQ.AZ xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlər dindirilib.

Zərərçəkmiş Aydın Mövlayevin həyat yoldaşı şahid kimi ifadə verərək hadisədən bir neçə dəqiqə əvvəl evlərinin qarşısında şübhəli adam gördüyünü deyib: “Həmin adam bizim evimizə baxırdı. Evdən 50 minlik qızıl aparıblar. Xahiş edirəm, həmin qızılların qiyməti bugünkü məzənnəyə uyğun hesablanıb pulumuz qaytarılsın”.

Zərərçəkmiş Aydın Mövlayev də hadisə barədə danşıb: “Evimiz Nəsimi rayonuda yerləşir, qardaşımgilə qonaq gedəndə pəncərəni açıq qoymuşduq, oğrular da oradan girib. Oğlum zəng edib dedi ki, evə oğru girib. Biz evə çatanda yataq otağı darmadağın idi, pulu evdə döşəyin altına qoymuşduq. Qızılla birgə təxminən 51 min manatlıq oğurluq edilib”.

Məhkəmə istintaqı tamamlanıb, proses sentyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə “Aqrolizinq” ASC-yə sədr təyin edilib.

 

 

Orxan