“Aranı qatmaq istəyən qüvvələr var”

 

85

Cavanşir Paşazadə: “Onlar nəinki mitinq keçirmək, heç piket keçirmək gücündə də deyillər”

“Bəzi beynəlxalq dairələr radikal müxalifət partiyalarının və QHT-lərin əli ilə ölkə daxilində sabitliyi pozmağa və bu yolla öz iqtisadi-siyasi maraqlarını həyata keçirməyə çalışırlar”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bəlli xarici dairələrin Azərbaycanda inqilab ssenarisi hazırlamasına dair fikirlərinə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda inqilabın baş verməsi üçün nə siyasi, nə iqtisadi, nə hüquqi, nə də psixoloji zəmin yoxdur: “Bu gün Azərbaycanda daxili sabitlik ən yüksək səviyyədə qorunur. Ölkədə sürətli inkişaf gedir, bu inkişaf özündə həm dövlətimizin beynəlxalq miqyasda rolunun artmasını, həm ölkə iqtisadiyyatının güclənməsini, həm də vətəndaşların sosial-rifah halının yüksəlməsini ehtiva edir. Azərbaycanda xalqla iqtidarın həmrəyliyi mövcuddur və bu həmrəylik hər hansı xarici qüvvənin daxildə nifaq salmaq perspektivlərini heçə endirir. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və xalq son seçkilərdə öz aydın mövqeyini ortaya qoyub. Bu mövqeyin nəticəsi olaraq cənab İlham Əliyev böyük üstünlüklə yenidən ölkə başçısı seçilib. Əlbəttə, harada uğur və inkişaf varsa, orada qısqanclıqlar da olacaq və buna təbii yanaşmaq lazımdır. Müəyyən qüvvələr, xüsusən erməni lobbisinə bağlı dairələr dövlətimizin inkişafını ləkləmək üçün müəyyən ssenarilər həyata keçirir ki, bu ssenarilərdə daxili emissarlardan istifadə olunur. Müəyyən maliyyə qarşılığında daxildə bəzi qüvvələr onların sifarişlərini icra edirlər. Amma nəticəsi nə olur?! Həmin qüvvələr daxildə bütün dəstəyini itirib və onlar nəinki mitinq keçirmək, heç piket keçirmək gücündə də deyillər”.Editor.az