Araz Musayev: “Mən cənab prezidentimizin əsgəriyəm”

Fövqəladə Hallar Nazirliyinin mayoru, Azərbaycan bayrağını dəfələrlə dünyanın yüksək idman tribunalarından dalğalandıran kikboksinq üzrə doqquzqat dünya və üçqat Avropa çempionu, beynəlxalq və əməkdar idman ustası, Mau-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə maraqlı aksiya təşkil etdi.

O, türk liderlərinin şərəfinə 100 qurban kəsərək, ehtiyacı olan ailələrə payladı və bildirdi ki, bu, onun çoxdankı arzusu imiş:

“Şəhərin 15 yerində qurban kəsərək, ehtiyacı olan insanlara payladıq. Ardınca Təzəpir məscidində hər iki türk liderinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə dualar oxuduq. Onların birliyi bizim qarantımızdı”.

A.Musayev qeyd etdi ki, bu addımı atmaq dövlətini, millətini, vətənini sevən hər kəsin borcudu: “Biz hər iki türk lideri ilə fəxr edirik. Bir halda ki, onlar bizim rifahımız üçün çalışırlar, millətimizin dünyada layiqli təmsilçiləridir, biz də onlara bacardığımız qədər xidmət etməliyik.

– Mən ziyali ailəsində dünyaya gəlmişəm. Atam həm tarixçi, həm də tarix müəllimi olub. Biz türksoyluyuq və həmişə bununla fəxr etmişəm. Türk demək mübarizlik deməkdi. Türk demək çalışqanlıq deməkdi. Türk demək vətənini sevmək deməkdi. Türk bir brenddi. Bunun mənası o qədər böyükdü ki, artıq hamı onunla hesablaşır. Hətta türk olmayanlar da özlərini ona yazxın sayır. Hazırkı türk dünyasının ən böyük liderlərindən biri cənab prezidentimiz İlham Əliyev, biri də Rəcəb Tayyib Ərdoğandı. Mən türk olmağımla fəxr edirəmsə, deməli, öz dövlətimin, millətimin liderləriylə də fəxr edirəm. Çünki türkün mədəniyyəti, böyükləri deyiləndə onlar nəzərdə tutulur. Bu iki ölkənin prezidentləri bir-birlərinə çox böyük simpatiya bəsləyir, qardaşdılar. Ərdoğan türkləri, bununla da müsəlman dünyasını birləşdirmək istəyir. Onun nüvə silahı olmasa da, arxasında türk dünyası, türk birliyi var.

Ərdoğanla tanışlığınızın tarixçəsini bilmək maraqlı olardı.
– Mən ona uşaqlıqdan azarkeşlik edirəm. Ailəlikcə Ərdoğana simpatiya bəsləyirik. Atdığı addımları, etdiyi gedişləri mən həmişə Umumilli liderimiz Heydər Əliyevə bənzətmişəm. Biz gözümüzü açandan Heydər Əliyevi dünya miqyaslı siyasətçi və dövlət xadimi kimi tanımışıq. Ərdoğan da davranışları ilə onu xatırladır. Ümumilli liderimiz insanlarla necə görüşürdü, necə dostluq münasibəti yaradırdı, sadə insanlarla necə zarafatlaşırdı, Ərdoğan da indi eyni addımları atır. Mən onu ən birinci sözünü dediyinə görə sevmişəm. Heç nədən qorxmadan həqiqəti deməsinə görə simpatiyam var. Onun içindəki kişilik, mərdlik hər şeyə dəyər. Bəzən oturub söhbət edəndə, bəzi dostlar deyirdi ki, o, söz danışır, əməl yoxdu. Mən isə həmişə cavab verirdim ki, Ərdoğan bu gün söz deyirsə, sabah əməl olacaq. Sözü deməyin özü bir cürətdi. Sözü deyən adam bilir ki, arxasında gücü var. Sözü deyirsən, arxasınca hücum gəlir, müharibə gəlir. Gərək bunun da arxasında durmağı bacarasan. Ərdoğan vaxtilə nə demişdisə, indi də yerinə yetirir. Cənab İlham Əliyevlə Türkiyə prezidentinin qardaşlıq münasibətlərini bütün dünyaya nümunə göstərmək lazımdı. Onlar bir simvoldular. Qoy, dünya görsün ki, türk birliyi nə deməkdi. Tstər Türkiyə prezidenti Azərbaycanda olarkən, istərsə də Azərbaycan prezidenti Türkiyədə olarkən bir-birlərinə o qədər səmimi münasibət göstərir ki… Mən bütün bunları görüncə, hər iki liderə qarşı məhəbbətim bir qədər də artır. Onları hər dəfə görəndə, deyirəm ki, mən sizlərin əsgəriyəm. Dövlətə və dövlətçiliyə həmişə xidmətim olub. Bu xidmətlərimlə həmişə öndə olmuşam. Cənab prezidentə sadiqliyimi daim göstərmişəm, göstərirəm və bundan sonra da göstərəcəm! Dediyim sözlərin heç biri yalan deyil. Türkiyəyə bir zərər dəyərsə, həmin dəqiqə orda da əsgər olmağa hazıram.

Türkiyə prezidenti ilə tanışlığınız onun ad gününü təbrik etməyinizdən başladı?
– Türkiyə idmançıları ilə çox yaxın əlaqələrim var. Dəfələrlə orda keçirilən yarışlarda iştirak etmişəm və hər dəfə söz düşəndə Ərdoğana simpatiya bəslədiyimi demişəm. Yaxınları da bunu ona söyləmişdilər. Bir dəfə mənə Türkiyədən zəng gəldi ki, sayın Ərdoğan Bakıya səfər edəcək, onunla görüşə bilərsiz. Böyük həvəslə gəldim və görüşdük. Türkiyə haqqında xoş sözlərimi, Azərbaycan dövlətçiliyinə sadiq olduğumu söylədim. Dedim ki, bir türk olaraq Türkiyənin və sizin yolunuzda həmişə fədakarlıq göstərməyə hazıram. Qucaqlayıb öpdü məni. Ondan sonra bir görüşümüz daha olldu. Bir dəfə də «feysbuk» səhifəsinə yazdım, ad gününü təbrik etdim. Mənimlə əlaqə saxladılar, korditnatlarımı istədilər, dedilər ki, sizə cavab gələcək. Elə də oldu. Mənə də çox xoş oldu ki, Türkiyə prezidenti bir idmançıya bu dərəcədə diqqət göstərdi. Bundan böyük xoşbəxtçilik ola bilərmi? Adi bir idmançıya o dəqiqə cavab yazmaq, minnətdarlıq etmək… Bu, onun bir türk lideri kimi sadəliyinin göstəricisidi. 

Türkiyə lideri ilə son görüşünüzdə maraqlı bir dialoq diqqət çəkdi. Ona «Sizin yolunuzda Şəhidlər Xiyabanında yatan türk əsgərlər kimi şəhid olmağa hazıram» söylədiz. Ərdoğan isə «halal olsun səni doğan anaya!» ifadəsini işlətdi. Həmin əsnada daha nələr oldu?
– Mənim o sözləri harda dedim? Şəhidlər Xiyabanında. O Xiyabanda ki orda həm öz şəhidlərimiz, həm də Baknın daşnak və boşeviklərdən azad olunması uğrunda canından keçən türk əsgərləri yanaşı yatır. Türkçülük və türk lideri yolunda şəhid olmağa dəyər! Buna bir əsgər kimi hər birimiz hazır olmalıyıq. O türk əskərlər bizim yolumuzda necə şəhid olubsa, mən də onları Ərdoğana göstərib, Türkiyə yolunda o cür şəhid olmağa hazır olduğumu söylədim. Bütün dünya bilir ki, Türkiyəyə qarşı addım atılırsa, arxasında Azərbaycan var. Yaxud əksinə. Azərbaycanın arxasında Türkiyə var. Mənim üçün kim olduğumu bilməkdən böyük xoşbəxtlik yoxdu. Özüm tarixçi olmasam da, rəhmətlik atam türk soyundan gəldiyimizi bir-bir bizə başa saılb, bizə sevdirib. 

Türk başqanının sizə münasibətindən hiss etmək olardı ki, onun simpatiyasını qazanmısız. Yəni əmin oldu ki, onu yalnız Türkiyənin özündə deyil, Azərbaycanda da sevirlər.
– Ərdoğan abi təkcə türklər üçün çalışmır. O, müsəlmanlar üçün özünü şəhid edir. Əlbəttə, onun yolunda da şəhid olmaq lazımdı. Hər bir türkün, müsəlmanın itkisi onun üçün ağırdı.  Bir evdə lider olmadan yaşamaq mümkündü? Yox! Bir dövlətdə lidersiz yaşamaq mümkündü? Yox! Bir türk və ya müsəlman dünyasında lidersiz yaşamaq mümkündü? Yox! 

Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə belə bir aksiya keçirmək təşəbbüsü necə yarandı?
– Mən üç-dörd səbəbdən bu qurbanları kəsdim. Çox fikirləşdim ki, türk liderlərinə nə hədiyyə edə bilərəm? Ən birinci onu fikirləşəndə, türk deyəndə ilk növbədə bizim prezidentlər göz önünə gəlir. Onlar türk dünyasının ən aparıcı və böyük nümayəndələridi. İkisi də dəyərli və qiymətli insandı. Və ikisi də dövlətləri üçün yetərincə, ondan da artıq xidmət göstərən şəxsdi. Azərbaycanda hər sahədə inkişaf gedir, sabitlik var. Bundan böyük qələbə var? Yox! Mən qurbanları bu iki qardaşın birliyinə kəsdim. Onların başqa hədiyyələrə ehtiyacı yoxdu. Biz tarixdən görmüşük, böyüklərdən eşitmişik ki, ağsaqşal və igid gələn yerdə qurbanlar kəsilər. Bu da xeyir-bərəkət deməkdi. 100 il qabaq Bakı azad olunanda qərargah kimi «Təzəpir» məscidi seçilmişdi. Həmin gün bayram namazı da orda qılınmışdı. Nuru paşadan soruşanda, demişdi ki, qoy, bu gün qurban kəsənlər iki qurban kəssin. Biri Qurban bayramı, biri də Bakının azad olunması münasibəti ilə. İndi də qoy, Allah türk xalqını, türk liderlərini qorusun! Mən qurban kəsdim və istərdim ki, başqaları da türk liderləri üçün nəsə eləsin, sevgisini göstərsin. 

Hazırda Fövqəladə Hallar Nazirliyində çalışırsız. Peşəkar idman həyatı ilə vidalaşdığınızı söyləyə bilərikmi?
– İki federasiyanın vitse-prezidentiyəm. May-tay və Tay-boks federasiyalarının. İstəyirəm ki, mənim əldə etmədiyim nəticələri gənc azərbaycanlı idmançılar qazansın. Onlardan ötrü əlimdən gələni edirəm. Başqa sözlə, özüm karyeramı bitirsəm də, yenə bu sahənin içindəyəm, funksionerəm. Artıq yarışlarda döyüşməyimə qanun da icazə vermir. Ən axırıncı yaş qrupunu da keçmişik. 37-38 yaşından sonra kişilər arasında döyüşə bilməzsən. Yalnız veteranların yarışında mübarizə apara bilərsən. Burda söhbət biznes xarakterli  deyil, bayraq üçün döyüşərdən gedir. Biz də peşəkada ola bilərdik. Ancaq niyə olmadıq… Çünki həmişə ölkəmizin bayrağına, himninə üstünlük vermşik. Mənim çalışdığım ancaq ölkə və himn üçün olub. Bir peşəkar çempionat yoxdu ki, orda himn çalınsın. Biznes xarakterli yarışlarda sən təkcə pul qazanırsan, çıxırsan bayıra. Əsas ölkənin bayrağıdı, o da orda olmur. Hollandiya da daxil, Avropanın bir çox ölkələrindən təklif almışdım, lakin peşəkar rinqə üstünlük vermədim. Əslində, həvəskarda peşəkar rinqin böyük fərqi də yoxdu. Kateqoriya sonradan dəyişir, yəni ki, peşəkar rinqdəklər də əvvəlcə həvəskarda olanlardı. Fərqi ondadı ki, həvəskarda bayrağı qaldırırsan, himni səsləndirirsən, heç bir mükafat almırsan. Peşəkarda udub-uduzmağından asılı olmayaraq, mükafat alırsan, himnin isə səslənmir. Mənim üçün cənab prezidentimizin idmançılara göstərdiyi diqqət və qayğı hansısa biznesmenin verdiyi dəyərdən qat-qat şirin və böyükdü. Biz bir vətənpərvər olaraq öz bayrağımıza xidmət etdik. Odu ki, 9 dəfə dünya, 3 dəfə Avropa çempionu olmuşam.  Cənab prezident tərəfindən dəfələrlə mükafatlandırılmışıq. Çəkdiyimiz əziyyət kifayət qədər yüksək qiymətləndirilib.

Mayor rütbəsi daşıyırsız. Rütbənizi artırmaq perspektivi varmı?
– Mayor rütbəsini çoxdan daşıyıram. Polkovnik-leytinant olmağıma 1 il qalıb. Hamısını öz xidmətlərimlə almışam. Leytinantdan mayor olana qədər bütün rütbələri günəgün çalışıb almışam. Ola bilsin, gələcəkdə hanısa yenə xidmətlərim olarsa, rütbədənkənar rütbə ilə təltif olunaram. Fövqəladə Hallar Nazirliyində bu illər ərzində həmişə çalışmışam ki, düzgünlüyümü, dürüstlüyümü göstərim, cənab nazirimiz Kəmaləddin Heydərovun  verdiyi tapşırıqları layiqincə yerimə yetirim, ona sadiq olum. Çalışmışam ki, öz xidmət dövrümü nöqsansız keçim, bunu dəyərləndirim. 

 

 

Orxan