“Artıq xalqımız ATƏT-in Minsk qrupuna etimad göstərmir”

fatmaa

İşğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını dəfələrlə sübut edib. Münaqişənin sülh yolu ilə həllindən müxtəlif bəhanələrlə yayınan rəsmi Yerevanın məqsədi status-kvonu qoruyub saxlamaq, işğalçılıq siyasətini davam etdirməkdir. Təcavüzkar dövlətin Dağlıq Qarabağda yaratdığı separatçı rejimin fəaliyyəti, onun təmsilçilərinin vaxtaşırı olaraq səsləndirdikləri məntiqsiz fikirlər də məhz bu məqsədə xidmət edir.

Bu sözləri XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat qeyd edib ki, iyulun 12-16-da Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum cəhdinin iflasa uğraması, ordumuz tərəfindən düşmənə layiqli cavab verilməsi Ermənistan hakimiyyətini çətin duruma salıb. Hazırda işğalçı ölkənin rəhbərliyi törətdiyi hərbi təxribatın uğursuzluğa düçar olması səbəbindən onu digər müstəvilərdə kompensasiya etməyə çalışır.

F.Yıldırımın sözlərinə görə, bütün bunlar Ermənistanın səbəb olduğu münaqişənin nəticələrini aradan qaldırmaq deyil, qanunsuz güc tətbiqi ilə yaratdığı işğal vəziyyətini möhkəmləndirmək məqsədi güdməsinin əyani təzahürüdür. “Ermənistanın hərbi-siyasi dairələrinin Azərbaycanın iri yaşayış məntəqələrini və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektləri “hərbi hədəf”ə alacağı ilə bəyanatının ardınca separatçı rejimin qondarma “başçısı” Araik Arutyunyanın Gəncə şəhərini vuracaqları ilə bağlı təhdidi hiddət doğurur. Bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir. Görünür, Tovuz döyüşlərindəki uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa vadar edir. Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib və bununla öz faşist simasını dəfələrlə göstərib. İşğalçı Ermənistan növbəti dəfə ənənəvi metoduna əl ataraq, mülki obyektləri və əhalini hədəf almaqla terror təşkilatlarına xas şəkildə mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür”, – deyən deputat qeyd edib ki, beynəlxalq təşkilatlar, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı qüvvələrin Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsi məsələsini nəzarətə götürməli, Ermənistan hakimiyyəti hədə ilə bağlı beynəlxalq təşkilatlara izahat verməlidir.

“Amma bu da faktdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək Ermənistanın bu cür fitnəkar bəyanatlarına münasibət bildirməyib, bununla bağlı lazımi addımlar atmayıb. Bəs görəsən, həmsədrlər niyə susurlar? Həmsədrlərin bu cür mövqe nümayiş etdirməsi, işğalçı Ermənistana təzyiq göstərilməməsi, əksinə, dolayı yolla ona dəstək verilməsi Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradır. Artıq xalqımız ATƏT-in Minsk qrupuna etimad göstərmir. Əgər belə davam edərsə, münaqişənin həlli prosesində Minsk qrupunun formatı dəyişdirilməlidir. Ermənistanın işğalçılıq siyasətinə adekvat qiymət verilməli, onun bütövlükdə region üçün ciddi fəsadlara gətirib çıxara biləcək addımlardan çəkindirilməsi və münaqişənin dinc yolla nizama salınması məqsədilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri qeyd-şərtsiz icra olunmalıdır”