Arzu Nağıyev plenar iclasda təqdim etdiyi bu qanunlarda dəyişiklik qəbul olundu
Aprelin 11-də Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda gündəliyə daxil olan məsələdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, bildirib ki, qanun layihəsi birinci və ikinci oxunuşda geniş müzakirə olunub, əlavə rəy və təklif daxil olmayıb, komitə tərəfindən üçüncü oxunuşa tövsiyə edilib.
Sənəd həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslərin yalnız rəsmi dəvət olunduqları dövlət orqanları tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə həmin geyim formasını daşımasını nəzərdə tutur.Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Həmçinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, qanun layihəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının hüquqi statusunun daha ətraflı tənzimlənməsi, həmçinin bir sıra normaların təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Nəzərə çatdırılıb ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun qüvvədə olan 28.3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Buna əsasən də layihədə müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normaların kursantlara münasibətdə də tətbiqi nəzərdə tutulur.
Bundan başqa, layihədə kursantlar tərəfindən hərbi xidmətdə və təhsildə daha yüksək nəticələr əldə edilməsinə səy göstərilməsi, motivasiyanın artırılması məqsədilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna əlavə edilməsi nəzərdə tutulan 23-1-ci maddəyə əsasən, onlara Qanunun 22-ci maddəsi ilə (bəzi bəndləri istisna olmaqla) müəyyən edilən həvəsləndirmə tətbirlərinin tətbiq edilməsi təklif edilir. Həmçinin kursantların hərbi nizam-intizamının təmin edilməsi üçün Qanuna əlavə edilməsi təklif olunan 48-1-ci maddə ilə kursantlara münasibətdə tətbiq edilən intizam tənbeh tədbirlərinin növləri müəyyənləşdirilir.
Eyni zamanda, kursantların məsuliyyətinin, hərbi təhsilin və xidmətin effektivliyinin artırılması məqsədilə layihədə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna “Kursantın vəzifələri” hissəsi əlavə edilir.
Bundan başqa, layihədə kursant hərbi rütbəsinin əsgər (matros) hərbi rütbəsinə bərabər tutulması, normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətlərinin qanunvericiliklə əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanması kimi normalar da nəzərdə tutulur. Bunlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də təklif olunur.
Sənədin müzakirəsində deputat Hikmət Məmmədovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra komitə sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, ordu generalı hərbi rütbəsinə malik hərbi qulluqçular üçün hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilmir. Müzakirəyə təqdim olunan qanun layihəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsi təklif olunub. Layihədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təsbit olunur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.