Asəf Hacıyev: “Ermənilər oyun oynayırlar”

“Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasını yüksək səviyyədə təşkil etdi, 12 ölkədən 10 ölkə tədbirdə iştirak edirdi”.
XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin baş katibi Asəf Hacıyev bildirib.
A. Hacıyev Yunanıstan və Ermənistanın QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etməməsinə də münasibət bildirib: “Yunanıstanda parlament seçkiləri keçirilir. Artıq Yunanıstan parlamenti buraxılıb. Ona görə də bu Assambleyada Yunanıstan nümayəndə heyəti iştirak etmədi. Ermənistan nümayəndə heyəti isə həmişə olduğu kimi, öncədən dəfələrlə bizdən qarantiya, təhlükəsizlik məktubları istədi. Həmin məktub da onlara verildi. Qurumun Beynəlxalq Katibliyində Ermənistanın nümayəndəsi var, o da tədbirdə iştirak etdi. Azərbaycan bir daha dünyaya göstərdi ki, Azərbaycanda hər kəs üçün lazımi təhlükəsiz şərait yaradılır. Ermənistan hər zaman həmişə olduğu kimi, əvvəlcə zəmanət məktubu istəyir, düşünürlər ki, biz onlara məktub verməyəcəyik, dünyaya səs salacaqlar. Bundan əvvəl Bakıda keçirilmiş Assambleyada da dəfələrlə məktub istədilər, məktub göndərildi, sonra da dedilər ki, məktub göndərilməyib. Biz onlara isbat etdik ki, məktub göndərilib və onlar da təsdiqləyib. Ondan sonra Ermənistan nümayəndə heyəti təsdiqlədi ki, məktub gəlib, ancaq parlamentin dəftərxanasında itirilib. Bu, qeyri-ciddi bir məsələdir. Ermənilər oyun oynayırlar”.

Yeganə