Aşan ağac başdaşıları dağıtdı

Agac

Lənkəran rayonunun ucqar dağlıq ərazisi olan Gəgiran kənd qəbristanlılğında yaşı əsrlərlə ölçülən azad ağacının böyük bir budağının aşması nəticəsində başdaşılar sınıb, qəbrüstü plitələr dağılıb.

XALQ.AZ-ın məlumatına görə, ağacın düşdüyü ərazidə başdaşıların və qəbrlərin ziyan çəkməsi sakinləri ciddi narahat edib. Onları narahat edən həm də ağacın təhlükə saçmaqda olan digər budağıdır.

Yaşar Cavadov deyir ki, “Qəbr daşları yerə batıb, çox qəbrlər sökülüb. Bu ağacın ikinci budağı yıxılmaq üzrədir. Əgər 2-ci budaq yıxılsa, 2 şəhidin qəbri bərbad hala düşəcək”.

Şiringül Baxşəliyeva qeyd edir ki, “Bu, yoldaşımın qəbridir. O ikisi isə şəhidimizin qəbridir”.

Səlahiyyətli qurumlar isə adı qırmızı kitaba düşən, yaşı əsrlərlə ölçülən bu təbiət abidəsini kəsməyin onların səlahiyyətində olmadığını deyirlər.

İcra nümayəndəsinin müavini Namiq Rəhimov deyir ki, “1 ay bundan əvvəl sakinlər bizə müraciət edib. Biz də onların müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər nazirliyinə məktub yazmışıq. Onlar şəkil istədilər. Biz şəkli çəkib göndərmişik. Onların rəyini gözləyirik. Ağac burdan götürüləcək. Hesablayarıq nə qədər ziyan dəyibsə, çalışarıq sakinlərə kömək edək”.

Kənd bələdiyyəsinin sədri Şamil Mirzəyev ağac budağının 4 başdaşını sındırdığını, 3 qəbrustu plitənin ziyan çəkdiyini, bütün bunların sakinlərin iştirakı ilə aktlaşdırdıqlarını dedi.