“ASAN xidmət” və “ASAN Kommunal” iki gün işləməyəcək

Avqustun 12-13-də Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür. Avqustun 14-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

XALQ.AZ xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hazırda Azərbaycanda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.