Asiman Həsənovun TƏBİB-ə gedən yolu niyə bağlanıb?- yenə “MTN işi”?

“Avrasiya Hospital”ın rəhbəri Asiman Həsənovun ötən ilin sonlarında prezident fərmanı ilə yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) rəhbər gedəcəyi haqda xəbər vermişdik. Bir neçə gün əvvəl saytımızda dərc edilən yazıda bildirilirdi ki, A.Həsənovun quruma İdarə Heyətinin sədri gətirilməsi ilə bağlı razılıq var.

XALQ.AZ xəbər verir ki, məsələ ilə bağlı AFN-ə yeni məlumat daxil olub. Bildirilir ki, A.Həsənovun TƏBİB-in İdarə Heyətinə sədr gətirilməsi ilə bağlı təqdimat qanunamüvafiq olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinə verilib. “Təqdimat yanvarın 11-dən verilsə də, nədənsə agentliyin rəhbər Zaur Əliyev onun vəzifəsini təsdiqləməyə tələsmir” – deyə mənbə qeyd edir.

AFN-in araşdırması zamanı məlum olub ki, A.Həsənovun sözügedən vəzifəyə təyinatına mane olan onun adının vaxtilə “MTN işi”ndə hallanmasıdır. Belə ki, 2013-cü ildən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi olan Asiman Həsənov 2016-cı ildə universitetə yeni təyin edilən rektor Gəray Gəraybəyli tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Həmin vaxtlar isə mediada onun MTN-lə, konkret olaraq MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovun gizli əlaqələri haqda məlumatlar yayılıb. “Tehran Babatov keçmiş MTN-də nazir Eldar Mahmudovun kadr məsələləri üzrə kassiri kimi tanınırdı. Asiman Həsənovun özəl səhiyyə sektorunda, eləcə də, Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında at oynatması, şantaj və hədə-qorxu yolu ilə külli miqdarda vəsait toplaya bilməsində Tehran Babatov faktoru mühüm rol oynayıb.

İddia edilir ki, Tehran Babatovun himayəsinə sığınan Asiman Həsənov bir sıra özəl tibb müəssisələrini inhisara almaqla həm yerli, həm də əcnəbi həkimlərin istismara məruz qalmaları ilə nəticələnirmiş. Sertifikasiyadan keçə bilməyən savadsız həkimləri müxtəlif klinikalara yerləşdirməklə savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov əcnəbi həkimləri də Tehran Babatovun vastəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək tələyə salmağı və onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurubmuş ki, çərçivədən çıxan istənilən şəxs MTN-in polkovniki tərəfindən cəzalanırılırmış.

Bütün bunlarla yanaşı, səhiyyə sistemindəki xoşagəlməz hallar barədə dosyelər toplayaraq MTN-ə ötürən Asiman Həsənov bu işlərinin müqabilində Tibb Universitetinin rektoru və ya nazir postuna təyin olunacağı barədə vəd də alıbmış” – deyə A.Həsənov haqda yazılan yazıda bildirilir.

Mənbəmiz isə bildirir ki, bütün bunlar yuxarılara da məlumdur və bu səbəbdən də A.Həsənovun yeni yaradılan TƏBİB-ə rəhbər gətirilməsi ilə bağlı məsələdə hələlik razılıq yoxdur.

Qeyd edək ki, A.Həsənovun təqdimatının verilib-verilməməsi ilə bağlı Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinə ünvanladığımız sorğu cavabsız qaldı.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.