AŞPA-nın iclası keçirilib

04

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdəki mənzil-qərargahında bu təşkilatın Mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin qış sessiyası ərəfəsindəki son iclasları dekabrın 3-də işə başlayıb. Avropada mədəniyyətin, təhsilin, mətbuatın, idmanın aktual problemlərindən ibarət geniş məsələlər spektrini əhatə edən müzakirələrdə yalnız komitə üzvləri deyil, dəvət edilmiş mötəbər ekspertlər də iştirak ediblər. “İnternet və siyasət – yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri”, “Çoxmədəniyyətli cəmiyyətlərdə uyğunluq və fərqlilik”, “Futbol idarəçiliyində islahatlar” və digər mövzular avropalı deputatların ciddi fikir mübadilələri ilə keçib.

Müzakirə edilən məsələlərdən biri serbiyalı deputat Vesna Maryanoviçin hazırladığı “Avropanın təhlükə altındakı mədəni irsi” adlı məruzə olub. Bu məsələ ilə bağlı mövqeyini ifadə edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib: “Avropa Şurasında mədəni irsin qorunması naminə mütəmadi olaraq çağırışlar edilir, müəyyən addımlar atılır. Əgər biz həqiqətən mədəni irsin qorunması səmtində çağırışlarımız və səylərimizdə səmimiyiksə, onda sırf özümüzə aid olan, öz ərazilərimizdə yerləşən mədəni abidələrin deyil, hansı xalqa məxsus olması, hansı ölkədə, hansı qitədə yerləşməsindən asılı olmayaraq, tarixi-mədəni mahiyyətinə görə bəşəriyyətin irsi zümrəsinə daxil edilə bilən sərvətlərin də mühafizəsinə çalışmalıyıq. Mənim ölkəm Azərbaycan bu istiqamətdə nümunə götürülə biləcək əhəmiyyətli işlər görməkdədir. Biz öz mədəniyyətimizin də, digər xalqların da ümumbəşəri məna kəsb edən mədəniyyət incilərinin qədrini bilirik. Azərbaycan son illərdə Heydər Əliyev Fondunun xətti ilə həm ölkə daxilində, həm də xarici dövlətlərdə mədəniyyət abidələrinin qorunması, təmir və bərpa edilməsi sahəsində bir sıra vacib layihələrdə iştirak etmişdir. Örnək olaraq xatırlamaq istərdim ki, Fransadakı məşhur Versal sarayının, Parisdəki XIV əsrə aid Notr-Dam Kilsəsinin, Strasburqdakı XIII əsrə aid Kafedral Kilsəsinin, İkinci Dünya müharibəsi zamanı dağıntılara məruz qalmış Berlindəki şəhər sarayının, Romadakı Müqəddəs Pyotr və Marsellina sərdabələrinin, həmin şəhərdəki Kapitoli Muzeyinin təmir və bərpa, yenidənqurma işlərinə Heydər Əliyev Fondu bilavasitə maddi və mənəvi kömək göstərmişdir. Azərbaycan belə xeyirxah fəaliyyətləri gələcəkdə də davam etdirmək əzmindədir. Lakin bu qəbil yanaşmalar barədə düşünərkən mənim bir təklifim də vardır. Bu gün Avropanın müxtəlif ölkələrinin, o cümlədən Azərbaycanın mədəni sərvətlərinin müəyyən hissəsi zəbt olunmuş ərazilərdə qərar tutub və ciddi təhlükə altındadır. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon ərazisində mədəni sərvətlərin böyük hissəsi son 20 ildən artıq müddətdə dağıdılsa da, qəsb edilsə də bir çox mədəniyyət abidələri, xüsusən maddi-mədəniyyət nümunələri, yüzlərlə daş heykəl, tarixi tikililər təcavüzə uğramış torpaqlarda baxımsızlıq üzündən tədricən aşınmaqda, məhv olmaqdadır. Bu səbəbdən də Avropa Şurası münaqişə bölgələrində, konkret olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarında mədəni irsin mövcud vəziyyəti ilə bağlı müşahidələr aparsaydı yaxşı olardı. Zənnimcə, ilk növbədə salamat qalmış mədəniyyət abidələrinin siyahısı tərtib edilməli və hazırlanan sənəddə onların nə halda olması barədə məlumat əks etdirilməlidir. Daha sonra isə Avropa Şurası təhlükə altındakı həmin abidələrin xilas edilməsi üçün xüsusi proqramın həyata keçirilməsinə mümkün köməyini əsirgəməməlidir”.

Bu mühüm mövzu ilə bağlı müzakirələrdə komitənin dəvətli qonağı, Abidələr və Şəhərlər üzrə Beynəlxalq Şuranın səlahiyyətli təmsilçisi Kristof Makat da iştirak edib.